BAYRAQDAR MEDİA Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyevin Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının dördüncü ildönümü ilə bağlı məqaləsini təqdim edir:
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının dördüncü ildönümü sadəcə bir tarix deyil. Bu, insanların həyatını — təkcə Ukraynada deyil — “əvvəl” və “sonra”ya bölən həddən kənarda yaşanmış daha bir ildir. Bu, dörd il ağrı və itkilər, eyni zamanda dörd il sarsılmazlıq, cəsarət, mərdlik, həmrəylik və ədalətə inam deməkdir.
2014-cü ildə Krımın işğalı və Luqansk və Donetsk vilayətlərində hibrid müharibə ilə Rusiyanın təcavüzü başladı, 24 fevral 2022-ci il səhər tezdən isə Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücum həyata keçirdi ki, bu da İkinci Dünya müharibəsinin başa çatmasından bəri Avropada ən böyük müharibəyə çevrildi. Dinc şəhərlərə raket-bomba və dron zərbələri, mülki əhalinin dağıdılmış evləri, məhv edilmiş enerji infrastrukturu, xarabalığa çevrilmiş xəstəxanalar və məktəblər, milyonlarla məcburi köçkün, minlərlə həlak olmuş günahsız insan, on minlərlə qanunsuz olaraq zorla aparılmış ukraynalı uşaq — bunlar Ukraynanın müstəqil və suveren dövlət olmaq, öz gələcəyini sərbəst müəyyən etmək hüququ uğrunda ödəməkdə davam etdiyi bədəlidir.
Lakin putin rejimi ən əsas məsələdə — Ukrayna xalqının gücünü qiymətləndirməkdə yanıldı. Ukrayna dayandı. Şəhərlər və regionlar dayandı, qəhrəman xalq dayandı, Ukrayna dövləti dayandı! Ordu hücumun qarşısını aldı və əhəmiyyətli əraziləri azad etdi. Cəmiyyət heç vaxt olmadığı qədər birləşdi. Ukraynalılar müxtəlif regionlardan, etnik mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq öz ölkələrini, torpaqlarını, milli kimliklərini, azadlıqlarını və dəyərlərini müdafiə etmək üçün bir araya gəldilər.
Bu dörd faciəli və taleyüklü genişmiqyaslı müharibə ilində Ukrayna öz dərdi ilə tək qalmadı. Biz beynəlxalq tərəfdaşlara siyasi, humanitar, iqtisadi və enerji sahələrində göstərdikləri dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. Xüsusi təşəkkür sözlərini Azərbaycan Respublikasına — onun rəhbərliyinə və xalqına ünvanlamaq istəyirəm ki, onlar müharibənin ilk günlərindən Ukraynaya səmimi həmrəylik nümayiş etdirmişlər. Azərbaycan ölkəmizin zərər çəkmiş regionlarına humanitar yardım göstərmiş və göstərməkdə davam edir, Ukraynaya həyati əhəmiyyətli avadanlıqlar, ilk növbədə enerji sahəsi üçün vasitələr göndərir, sosial infrastrukturun bərpasını dəstəkləyir. Bu günə olan məlumata görə, Azərbaycanın Ukraynaya göstərdiyi yardımın ümumi dəyəri 45 milyon ABŞ dollarını ötür. Bu yardım yalnız praktiki deyil, həm də dərin simvolik əhəmiyyət daşıyır — o göstərir ki, Ukrayna tək deyil, çətin zamanlarda bizi azadlığın, suverenliyin və ərazi bütövlüyünün dəyərini anlayan dostlar və həqiqi qardaşlar dəstəkləyir.
Biz Azərbaycanın beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və xüsusilə sərhədlərin toxunulmazlığı prinsipinə əsaslanan mövqeyini yüksək qiymətləndiririk. Müasir dünyada bunlar abstrakt formullar deyil — bunlar qlobal təhlükəsizliyin təməlidir və öz ərazi bütövlüyünü bərpa etmək uğrunda uzun və çətin yol keçmiş Azərbaycan Respublikası bizi bir çox digər ölkələrdən daha yaxşı anlayır.
Bu gün Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin nəticələri regionumuzdan xeyli kənara çıxır. O, qlobal ərzaq təhlükəsizliyinə, enerji bazarlarına və logistika zəncirlərinə təsir göstərmişdir. Rusiya ərzaq və enerji resurslarını qəsdən qlobal təzyiq aləti kimi istifadə edir. Ukrayna isə öz ərazisində genişmiqyaslı hərbi əməliyyatlara baxmayaraq dünya ərzaq sabitliyinin təmin olunmasında mühüm rol oynamaqda davam edir, o cümlədən buna kəskin ehtiyacı olan ölkələrə taxıl tədarük edir.
Biz yalnız öz torpağımızı müdafiə etmirik — biz müasir dünya nizamının əsasını təşkil edən prinsipləri müdafiə edirik: müstəqillik hüququnu, inkişaf hüququnu, xalqların müharibəsiz, ədalətli dünyada yaşamaq hüququnu.
Bu dörd il ərzində Ukrayna xalqı artıq son dərəcə ağır bədəl ödəmişdir. Minlərlə ukraynalı hərbçi doğma torpağını müdafiə edərkən həyatını itirmişdir. On minlərlə mülki şəxs atəşlər və işğalın qurbanına çevrilmişdir. Yüzlərlə şəhər və kənd dağıdılmışdır. Lakin hətta xarabalıqlar arasında belə Ukrayna bərpa edir və qurur, uşaqları təhsil alır, iqtisadiyyat, ticarət və biznes inkişaf edir, uşaqlarını və əsirlərini vətənə qaytarır. Bizim dayanıqlılığımız təkcə hərbi gücün deyil, həm də Ukrayna xalqının ruh gücünün və bütün dünyadakı tərəfdaşlarımızın dəstəyinin nəticəsidir.
Biz ədalətli sülhə inanırıq — güc hüququna deyil, hüququn gücünə əsaslanan sülhə. Bu gün, genişmiqyaslı müharibənin dörd ili və Rusiya təcavüzünün başlanmasından on iki il sonra, ölkəmiz beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş əməkdaşlığa, dialoqa və birgə təşəbbüslərə açıq qalır.
Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri qarşılıqlı hörmət və dəstəyin möhkəm tarixi təməli üzərində qurulmuşdur. Biz siyasi dialoqun, iqtisadi tərəfdaşlığın, humanitar və mədəni əlaqələrin daha da inkişafında maraqlıyıq.
Bu günlərdə biz yalnız 2022-ci ilin fevralında baş vermiş faciəli hadisələri xatırlamırıq. Biz gələcəyə baxırıq. Ukrayna mübarizəni davam etdirir. Ukrayna bərpa olunur. Ukrayna islahatlar aparır. Ukrayna beynəlxalq tərəfdaşlıqlarını gücləndirir.
Və Ukrayna mütləq qalib gələcək — çünki o, həqiqəti, azadlığı və yaşamaq və inkişaf etmək hüququnun özünü müdafiə edir. Mən əminəm ki, beynəlxalq həmrəylik nə qədər möhkəm olarsa, beynəlxalq hüquq prinsiplərini müdafiə edən dövlətlərin səyləri nə qədər çox birləşərsə, ədalətli və davamlı sülh bir o qədər tez bərqərar olacaq.
Azərbaycanın göstərdiyi dəstəyə, dostluğa və ən çətin günlərdə uzadılan qardaş kömək əlinə görə bir daha səmimi təşəkkürümü bildirirəm. Biz bunu yüksək qiymətləndiririk. Biz bunu unutmuruq. Və əminik ki, qarşıda ölkələrimiz üçün strateji tərəfdaşlığın genişlənməsi, uğurlu və qarşılıqlı faydalı əməkdaşlıq və qarşılıqlı etimada, hörmətə və xalqlarımızın ümumi sülh və firavan gələcəyinə əsaslanan həqiqi dostluğun yeni səhifələri var.





