Press "Enter" to skip to content

EN-də Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı tədbir

EN-də Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı tədbir

BAYRAQDAR MEDİA – Energetika Nazirliyində (EN) Xocalı faciəsinin 34-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbyat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbir Xocalı faciəsinin qurbanlarının və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Energetika nazirinin müavini Samir Vəliyev çıxışında 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən törədilmiş cinayətlərdən, uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla dinc əhaliyə qarşı həyata keçirilmiş vəhşiliklərdən və qətllərdən bəhs edib. Baş vermiş faciənin insanlıq və bəşəriyyət əleyhinə törədilmiş cinayət olduğu xüsusi vurğulanıb. Nazir müavini Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün atılan addımları qeyd edib.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü əsasında 1994-cü il fevralın 24-də Azərbaycan parlamenti “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması üçün görülən işlər diqqətə çatdırılıb”.

Sonra xəbərdə, “həmçinin bildirilib ki, ermənilərin törətdiyi ağır cinayətlər və vəhşiliklər xalqımızın mübarizə ruhunu sarsıda bilməyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi, həmçinin 23 saatlıq antiterror əməliyyatı nəticəsində torpaqlarını işğaldan azad edərək şəhidlərin qanını yerdə qoymayıb. Qazanılan tarixi zəfərlə Xocalı şəhidlərinin də qisası alınıb” deyə qeyd edilir.

Tədbirdə, həmçinin şəhid övladı olan nazirlik əməkdaşının Xocalı faciəsi və Qarabağ müharibəsi ilə bağlı çıxışı dinlənilib.

Yekunda Xocalı soyqırımı haqqında qısa videoçarx nümayiş olunub.

Mission News Theme by Compete Themes.