Son yeniləmə: 26 Fevral 2026
BAYRAQDAR MEDİA – Iğdırda 2022-ci ildə istifadəyə verilən duz mağaraları artan şöhrəti ilə gündə orta hesabla 1000 ziyarətçi qəbul edir. Tuzluca rayonundakı Duz dağının içərisində aparılan qazıntılar nəticəsində formalaşan qalereyalar mərhələli şəkildə Duz Terapiya Mərkəzinə çevrilib.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, metrlərlə yerin altında yerləşən və divarları, tavanı, döşəməsi tamamilə duzdan ibarət olan mərkəz xüsusi işıqlandırma və abadlıq işlərindən sonra ziyarətçilərin istifadəsinə verilib: “Qısa müddətdə ölkə miqyasında tanınan mərkəz qış mövsümündə də yerli və xarici turistlərin diqqətini cəlb edir. Xüsusilə turizm şirkətlərinin marşrutlarına daxil edilən mağaralar Ramazan ayında da böyük maraq görür. Səlahiyyətli şəxslər bildirirlər ki, son bir həftə ərzində ziyarətçi axını daha da artıb”.





