BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Binəqədi şossesində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobilinin yol kənarında park edilmiş yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və minik avtomobilinin sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb”.
Ardınca xəbərdə, “xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1963-cü il təvəllüdlü Əliyeva Böyükxanım Böyükağa qızını xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır” deyə bildirilir.





