BAYRAQDAR MEDİA – Xocalı soyqırımının 34-cü ildönümü ərəfəsində Türkiyədə maraqlı bir aksiya həyata keçirilib. Belə ki, Türkiyənin Çanakkale vilayətində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı “Çanakkaleden Xocalıya” mövzusunda xüsusi proqram təşkil edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin başqanı Şentürk Hoşgül məlumat verib.
O, qeyd edib ki, hazırlanan layihə çərçivəsində Türkiyənin müxtəlif bölgələrində təhsil alan türk ölkələrindən olan tələbələrin Çanakkaleyə səfəri təşkil edilib.
Ş.Höşgülün sözərinə görə layihə Azərbaycanın Türkiyədəki mədəniyyət elçisi, sənətçi Roza İbadova Kocamazın təşəbbüs və rəhbərliyi, Türkiyə Ülkü Ocaqlarının İzmir şəhər rəhbərliyi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi və Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin dəstəyi ilə reallaşıb: “Səfər çərçivəsində Çanakkale Şəhidliyində keçirilən anım proqramında Xocalı soyqırımına həsr olunan “Mən Xocalıyam” teatr tamaşasından hissələr nümayiş etdirildi. Roza İbadova Kocamazın rejissorluğu ilə ərsəyə gələn tamaşada Xocalı həqiqətləri mədəniyyətin dili ilə tamaşaçıya təqdim olunur. Eyni zamanda, tələbələr Türkiyə-Azərbaycan qardaşlığının rəmzi olan bu qəhrəmanları ehtiramla yad etdilər. Hesab edirik ki, bu cür proqramları gələcəkdə də reallaşdırmalıyıq. Çünki bu, gənclərin türk dünyasının tarixini daha dərindən öyrənməsinə dəstək olur”.





