BAYRAQDAR MEDİA – Azərbaycan xalqı milli-mənəvi dəyərləri özündə yaşadan Novruzun gəlişi ilə əlaqədar Od çərşənbəsini qeyd edir. Lakin bu çərşənbədə keçirilən mərasimlərdə, xüsusilə tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi bayram sevincinin arzuolunmaz və acı nəticələrlə sonlanmasına səbəb ola bilər. Ötən çərşənbə axşamı baş vermiş hadisələr buna əyani sübutdur.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “qeyd olunanlarla bağlı FHN əhaliyə bir daha müraciət edərək Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırıb. Belə ki, bayram tonqalı tikili, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur. Pirotexniki vasitələrdən istifadə qadağandır”.





