BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, görkəmli arxeoloq alim, tarixçi, Prof. İlyas Babayevin 90 illik yubileyi münasibətilə alimin həyatı və elmi fəaliyyətini əks etdirən biblioqrafik göstərici işıq üzü görüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “görkəmli alim ömrünü Qafqaz Albaniyası tarixşünaslığının formalaşması və inkişafına, eləcə də Qəbələ bölgəsinin tarixi-mədəni irsinin sistemli tədqiqinə həsr edib. O, Qafqaz və İranın Antik dövr arxeologiyası üzrə dünyada tanınmış mütəxəssislərdən biri olub. İ.Babayev 270-dən çox elmi əsərin, xarici ölkələrdə nəşr olunmuş 80-dən çox elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə 12 namizədlik dissertasiyası müdafiə olunub”.
Sonra xəbərdə, “AMEA Rəyasət Heyətinin müvafiq qərarlarına əsasən “Görkəmli Elm xadimləri” seriyası altında tərtib olunan biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Vəsaitin redaktorları Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə baş biblioqraf Təranə Rüstəmovadır. Göstərici İ.Babayevin həyat və fəaliyyətinin bütün sahələrini əks etdirir. Nəşrdə onun əsərləri, redaktə etdiyi və rəy verdiyi əsərlər, iştirak etdiyi beynəxalq, regional və respublika səviyyəli konfranslar, elmi rəhbərlik etdiyi dissertantlar, həmçinin rəhbərlik etdiyi arxeoloji ekspedisiyalar və s. haqqında məlumatlar verilir” deyə bildirilir.
Biblioqrafiya tarixçilər, arxeoloq və etnoqraflar, elmi tədqiqatçılar, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edəki ki, sözügedən nəşrin elektron versiyası ilə kitabxananın saytındakı elektron kitabxana bölməsində tanış olmaq mümkündür.





