Press "Enter" to skip to content

Ortaq addımların atılması artıq təxirəsalınmaz məsələdir

Telman Nüsrətoğlu

Telman Nüsrətoğlu: Təhlükəsizlik məsələsinin türk dünyasının və Türk Dövlətləri Təşkilatının gündəliyində prioritet istiqamətlərdən biri olmalıdır

BAYRAQDAR MEDİA – “Artıq Avrasiyanın təhlükəsizliyi və sülh şəraitində davamlı inkişafı türk dünyası və türk dövlətləri olmadan mümkün deyil. Hazırda əsas ticarət yollarında, o cümlədən Orta Dəhlizin normal fəaliyyət göstərməsində türk dövlətləri açar rolunu oynayırlar”.

Bunu BAYRAQDAR MEDİA-ya dəyərləndirməsində tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu deyib.

O, bildirib ki yeni dünya nizamının formalaşma mərkəzlərindən biri məhz Avrasiya coğrafiyasıdır: “Təsadüfi deyil ki, “Avrasiyaya hakim olan dünyaya hakim olar” tezisi mövcuddur. Bu baxımdan Avrasiya son dərəcə kritik əhəmiyyətə malikdir. Regionda türk dövlətləri həm zəngin resursları, həm strateji coğrafi mövqeləri, həm nəqliyyat-kommunikasiya xətləri, həm də digər üstünlükləri ilə getdikcə ön sıralara çıxırlar”.

T.Nüsrətoğlu deyib ki, türk dünyası gələcək çoxqütblü dünyanın ən mühüm mərkəzlərindən birinə çevrilmək iddiası və potensialına malikdir: “Bu baxımdan Türk Dövlətləri Təşkilatı digər beynəlxalq birlik və qurumlarla balanslaşdırılmış, milli maraqlara əsaslanan əməkdaşlıq əlaqələri formalaşdırır. Bütün bu proseslərin mərkəzində isə türk dünyasının yeni dünya düzənində aparıcı aktorlardan birinə çevrilmək iradəsi və qətiyyəti dayanır”.

Telman Nüsrətoğlu əlavə edib ki, yaşadığımız dövrün ən aktual məsələlərindən biri də təhlükəsizlik problemidir: “Hazırda dünya nizamsızlıq və qeyri-müəyyənlik mərhələsindən keçir. Bu şəraitdə təhlükəsizlik məsələsi həm qlobal gündəmdə, həm də region ölkələrinin prioritetləri sırasında xüsusi yer tutur. Burada söhbət yalnız hərbi müdafiədən deyil, eyni zamanda kibertəhlükəsizlikdən, informasiya və elektron təhlükəsizliyindən, eləcə də digər sahələr üzrə kompleks təhlükəsizlik məsələlərindən gedir. Bu baxımdan təhlükəsizlik məsələsinin türk dünyasının və Türk Dövlətləri Təşkilatının gündəliyində prioritet istiqamətlərdən biri olması zəruridir. Yəni, ortaq addımların atılması artıq təxirəsalınmaz məsələdir. Azərbaycan bu istiqamətdə xüsusi fəallıq nümayiş etdirir. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanda birgə hərbi təlimlərin keçirilməsi təşəbbüsü ilə çıxış edib və bu təşəbbüsün reallaşması mühüm nəticələr vəd edir”.

Ekspertin fikrincə, birgə hərbi təlimlər gələcəkdə Türk Dövlətləri Təşkilatı nəzdində çoxtərəfli hərbi müdafiə və təhlükəsizlik əməkdaşlığının qurulmasına, müvafiq sazişlərin imzalanmasına təkan verə bilər: “Bu istiqamətdə ilk növbədə müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, ordular arasında koordinasiyanın gücləndirilməsi və vahid mexanizmlərin yaradılması vacibdir. Bu istiqamətdə dərin analiz aparmağa ehtiyac yoxdur. Ortada uğurlu nümunə mövcuddur. Bu, Türkiyə – Azərbaycan strateji tərəfdaşlığı və müttəfiqliyidir. Xüsusilə iki ölkə arasında imzalanmış Şuşa Bəyannaməsi və mütəmadi keçirilən birgə hərbi təlimlər effektiv model kimi çıxış edir. Bu model bütün Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda tətbiq olunmalı, müdafiə və təhlükəsizlik məsələləri zaman itirilmədən praktik müstəviyə keçirilməlidir”.

Mission News Theme by Compete Themes.