BAYRAQDAR MEDİA – Əməkdar artist Elman Rəfiyev “Eynək” İncəsənət Studiyasının tərkibində yeni Teatr studiyası yaratdıqlarından, onun fəaliyyətindən bəhs edib.

Əməkdar artist bu barədə BAYRAQDAR MEDİA-ya məlumat verib: ““Eynək” İncəsənət Studiyasının tərkibində yeni Teatr studiyası yaratmışıq. Studiyanın bədii rəhbəri mənəm. İlk tamaşamız Samuel Bekketin “Qodonun intizarında” əsərinin motivləri əsasında “Oyun” tamaşası idi. Tamaşa İranın Zəncan şəhərində keçirilən festivalda ən yaxşı səhnə həllinə görə mükafata layiq görüldü. Tamaşanın quruluşçu rejissoru qardaşım oğlu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Məmməd Rəfiyevdir. Tamaşada iki aktyor – Fəxri Səfərov və Nihad Aslan rol alıb. Studiyanın direktoru Fərid İsmayılovdur. Yeni yaranan teatr artıq iki festivalda iştirak edib. Biri qeyd etdiyim kimi, keçən il İranın Zəncan şəhərində festivalda iştirak etdi. Biri isə bu yaxınlarda Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi “Baxış-6” festivalında iştirak etdi və iki aktyorumuz orada diplomla mükafatlandırıldı. Bu teatrı yaratmaqda məqsədimiz festivallara getmək, bir çox festivallara tamaşalarımızı göndərmişik və bir çox festivallardan dəvət almışıq”.

E.Rəfiyev hazırda teatr studiyasının işini davam etdirdiyini və yeni tamaşalar üzərində iş getdiyini qeyd edib: “Bizə bu teatr studiyasının yaşaması üçün yaratdığı şəraitə görə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artistimiz Hacı İsmayılova dərin təşəkkürümü bildirirəm. Bizə çox gözəl şərait yaradıblar. Hətta Hacı İsmayılov bizə gözəl bir ideya da verdi. Hazırda o ideya üzərində işləyirik. Bu il Cəlil Məmmədquluzadənin 160 illik yubileyidir. Onun “Poçt qutusu” hekayəsinin əsasında pantomim tamaşa hazırlamaq istəyirik. Bu barədə düşüncələrimiz var. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimovdur”.
Əməkdar artist 10 Mart Milli Teatr Gününə də toxunaraq teatrın onun üçün çox önəmli yer olduğunu vurğulayıb: “Teatr insanların doğru enerji, canlı enerji aldığı bir yerdir. Çünki teatr canlı sənətdir”.






İlk şərhi yaza bilərsiniz