BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində tələbələrlə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici görüşlər keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbirlərin məqsədi müvafiq sahədə dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər barədə tələbələri məlumatlandırmaq, eləcə də gənclərdə fəal və məsuliyyətli mövqeyin formalaşdırılmasına töhfə vermək olub. Agentliyin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin psixoloqu tələbələrə Mərkəzin fəaliyyət istiqamətləri, göstərilən reabilitasiya və abilitasiya xidmətləri haqqında ətraflı məlumat verib. Bildirilib ki, bu sahədə maarifləndirmə böyük əhəmiyyətə malikdir. İnsanlar insan alverinin müxtəlif formaları barədə məlumatlı olduqda riskləri daha erkən müəyyən edə, aldadılma və istismar hallarının qarşısını almaqda daha diqqətli ola bilirlər”.
İnteraktiv şəkildə davam edən görüşlərdə tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.





İlk şərhi yaza bilərsiniz