BAYRAQDAR MEDİA – Martın 10-da Azərbaycan peşəkar milli teatrının yaradılmasının 153-cü ildönümü tamam oldu. Bu tarix 13 ildir Azərbaycanda Milli Teatr Günü kimi qeyd edilir. Əlamətdar gün Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqında” 1 mart 2013-cü il tarixli Sərəncamı ilə təqvimə yazılıb. Bu münasibətlə Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı (AXTİ) və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Milli Dram Teatrında təşkil olunan tədbirə Azərbaycanla yanaşı, Türkiyə və Özbəkistanın teatr xadimləri, bu sahə üzrə aparıcı qurumların rəhbər və nümayəndələri qatılıblar. Tədbir çərçivəsində mədəniyyət naziri Adil Kərimli Azərbaycanın və qardaş ölkələrin teatr təmsilçiləri ilə görüşüb. Görüşdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrlarının baş direktoru Tamer Karadağlı, AXTİ-nin sədri Xalq artisti Hacı İsmayılov, Özbəkistanın Xalq artisti Yodqar Sağdiyev, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Xalq artisti Cahangir Novruzov, İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Şəhər Teatrlarının baş bədii rəhbəri Ayşegül İşsever, İBB Şəhər Teatrlarının aktrisası, Azərbaycanın Əməkdar incəsənət xadimi Məlahət Kalyoncu, Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Xalq artisti Samir Cəfərov iştirak ediblər”.
Sonra xəbərdə, “nazir Azərbaycanın mədəniyyət təqvimində xüsusi yer tutan Milli Teatr Günü münasibətilə təbriklərini çatdırıb, Azərbaycanda teatr sənətinin inkişaf yolundan söz açıb. Qeyd olunub ki, 153 yaşlı Azərbaycan teatrı tarixin müxtəlif mərhələlərində qonşu və dost ölkələrin də sənət mühitinin formalaşmasına öz töhfəsini verib. Nazir Prezident İlham Əliyev tərəfindən mədəniyyətin digər sahələri kimi, teatr sahəsinin də inkişafına yüksək diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb” deyə bildirilir.
Söhbət zamanı Türk dünyasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi, teatr kollektivlərinin qarşılıqlı qastrol səfərlərinin, birgə festival və müsabiqələrin təşkili, təcrübə mübadiləsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






İlk şərhi yaza bilərsiniz