BAYRAQDAR MEDİA – Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin inzibati binasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) regional müşavirəsi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Nazirlik Aparatının məsul şəxsləri, tabeli qurumların rəhbərləri, Daşkəsən, Goranboy, Göygöl, Samux, Ağcabədi, Bərdə, Tərtər, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuz, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab, Xocalı, Laçın və Kəlbəcər rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları iştirak ediblər. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədovun “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda fevralın 13-də keçirilən müşavirədə verdiyi tapşırıqların icrası, aqrar sahədə aparılan monitorinqlərin nəticələri, kənd təsərrüfatının aktual məsələləri müzakirə olunub. Z.Əliyev bildirib ki, Prezident İlham Əliyevin aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün müəyyən etdiyi strateji kursa uyğun olaraq KTN öz fəaliyyətini fermerlərə yaxınlıq, düzgün idarəçilik və innovasiyaların tətbiqi prinsiplərinə əsasən qurub. Müşavirədə çıxış edən DAİM direktorları aqrar sahədə həyata keçirilən tədbirlər və mərkəzlərin bu istiqamətdə fəaliyyətinə toxunublar”.
Tədbirdə kənd təsərrüfatının inkişafı, aqrar sahədə istehsal prosesinin təşkili, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, texnika və gübrə ilə təminat, fermerlərin qarşılaşdıqları çətinliklər və onların həlli istiqamətində görülən tədbirlər ətrafında müzakirələr aparılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb, qaldırılan məsələlərin həlli üçün müvafiq qurum və struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.






İlk şərhi yaza bilərsiniz