Press "Enter" to skip to content

İşğaldan azad olunmuş ərazilərdə tibbi xidmətin təşkilinə dair iclas

İşğaldan azad olunmuş ərazilərdə tibbi xidmətin təşkilinə dair iclas

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində (SN) “İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” üzrə işçi qrupunun növbəti iclası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “işçi qrup Prezidentin “Böyük Qayıdışa dair II Dövlət Proqramı” və “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanmasına dair tapşırıqların icrası ilə bağlı SN-in müvafiq Əmri ilə yaradılıb. Səhiyyə naziri Teymur Musayevin sədrliyi və aidiyyəti üzrə dövlət qurumlarının iştirakı ilə keçirilən İşçi qrupun növbəti iclasında “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə təşkil olunmuş tibbi xidmət və mövcud vəziyyətlə bağlı aparılmış monitorinqlər və qiymətləndirmənin cari vəziyyəti müzakirə olunub. Bununla bağlı, iclasda Nazirlik tərəfindən aparılmış təhlil, ictimai səhiyyə, təcili, təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti və ixtisaslaşdırılmış tibbi xidmətin təşkili ilə bağlı Strateji Baxışa dair təqdimat edilib”.

Ardınca xəbərdə, “sözügedən Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşmaya uyğun olaraq əhaliyə göstərilən tibbi xidmətlərin daha da təkmilləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi və əlçatanlığının təmin edilməsi, həmçinin aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Eyni zamanda, mülki və hərbi tibbi infrastrukturun səmərəli istifadəsi məqsədilə çarpayı fondunun optimallaşdırılması, əhalinin dərman vasitələri ilə təminatında logistik zəncirin qurulması, əhali və tibb işçiləri arasında psixo-sosial dəstək işinin aparılması və tibbi savadlılığın artırılması məsələlərinə də toxunulub. Aparılan monitorinqlər nəticəsində İşğaldan azad edilmiş ərazilərdə tibb müəssisələrinin fəaliyyətinin bərpası, səyyar tibbi xidmətlərin genişləndirilməsi, tibb müəssisələrinin kadrlarla təmini, tibbi heyətin fəaliyyətinin stimullaşdırılması və infrastrukturun inkişafı istiqamətində görülən işlər və qarşıda duran vəzifələr ətraflı təhlil edilib” deyə qeyd olunur.

Xəbərdə eləcə də bildirilir ki, “T.Musayev çıxışında qeyd edib ki, Böyük Qayıdış Proqramının səhiyyə komponenti prioritet sahələrdən biridir və əhalinin sağlamlığının qorunması, keyfiyyətli tibbi yardımın fasiləsiz təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindəndir. İşçi qrupu bu sahədə koordinasiyanı gücləndirmək və effektiv həll yolları tapmaq məqsədilə müntəzəm olaraq fəaliyyət göstərir. Sonda qarşıda duran vəzifələrin icrası ilə bağlı növbəti addımlar müəyyənləşdirilib və müvafiq tapşırıqlar verilib”.

Nazirlik işğaldan azad olunmuş ərazilərdə tibbi xidmətlərin təşkilini davam etdirəcək və bu istiqamətdə bütün zəruri tədbirləri həyata keçirəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.