Press "Enter" to skip to content

Qardaşlığa qarşı qurulan təbliğat oyunu

Senan KAZIMOĞLU

BAYRAQDAR MEDİA – İranın Naxçıvana hücumu və sonrasında Azərbaycanın hadisələrə haqlı reaksiyası Türkiyənin sosial şəbəkələrində Azərbaycan əleyhinə qara təbliğat əməliyyatının başlamasına səbəb oldu. Əlbəttə, bu vəziyyət Azərbaycan tərəfində də xoş qarşılanmadı. Hətta bəzi insanlar bunu Türkiyənin Azərbaycanı sevməməsi kimi yozdular.

Bəs həqiqətən belədirmi? Türkiyə türkləri bizi sevmirmi? Yoxsa Türkiyə türkləri İranı bizdən üstünmü tutdular? Necə oldu ki, İkinci Qarabağ müharibəsi zamanı və başqa yaxşı-pis günlərimizdə ürəyi bizimlə döyünən bir ölkə birdən-birə bizə qarşı çevrilmiş kimi göründü?

Bu suallara on ildən artıqdır Türkiyədə, üstəlik yerli türklərin çox olduğu Konya şəhərində yaşayan biri kimi cavab vermək istəyirəm.

Əvvəlcə onu deyim ki, yaşananlar əsasən sosial şəbəkələrlə məhdudlaşır. Türkiyədə yaşayan türklər, bütün mənfi təbliğatlara baxmayaraq, Azərbaycanı sevirlər.

Bəs sosial şəbəkələrdə yaşananların səbəbi nədir? Bunun tək cavabı var: mənfi təbliğat.

İkinci Qarabağ müharibəsindən sonra xeyli güclənən Türkiyə-Azərbaycan birliyi və qardaşlığı İsrailin Fələstinə olan 7 oktyabr 2023-cü il hücumundan sonra təbliğat hədəfinə çevrildi. Bunun Azərbaycanla heç bir əlaqəsi olmamasına və əksinə Azərbaycanın Fələstinə verdiyi böyük dəstəyə baxmayaraq, ilk gündən etibarən Türkiyə sosial şəbəkələrində Azərbaycan əleyhinə ağır və yalan xəbərlərlə dolu ittihamlar yayılmağa başladı.

Sanki bir nöqtədən düyməyə basılmışdı. Qəzzaya hücum arxa planda qalır, saxta və ya fərqli mərkəzlərdən idarə olunan böyük səhifələr Azərbaycana qarşı hərəkətə keçirdi. Hətta məsələ təkcə Azərbaycanın İsraillə əlaqəsi kimi təqdim edilmirdi; birbaşa Azərbaycan Qəzzadakı soyqırıma dəstək verməkdə ittiham olunurdu.

Bu təbliğatın başında isə ya radikal sol qruplar və bəzən terror təşkilatları, ya da İran və İrana yaxın qruplar dayanırdı. Açığı etiraf etməliyəm ki, İranın Türkiyənin sosial şəbəkələrini və türk cəmiyyətinin baxışını bu qədər manipulyasiya edə biləcəyini düşünmürdüm.

Bu təbliğat müəyyən müddət davam etdi və türk cəmiyyətinin şüuruna Azərbaycanın İsrailin Qəzzada apardığı siyasətin əsas dəstəkçilərindən biri olduğu fikri yeridilməyə çalışıldı. “Çalışıldı” deyirəm, çünki bunu tam bacarmadılar. Hələ də Azərbaycana inanan və ona güvənənlərin sayı inanmayanlardan qat-qat çoxdur.

Əlbəttə, aldadılanları qınaya bilərik və həqiqətin belə olmadığını izah edə bilərik. Lakin hadisələrə onların tərəfindən baxanda görürük ki, ağır təbliğata məruz qalıblar. Təəssüf ki, biz isə bu təbliğata qarşı ən güclü olmalı olduğumuz Türkiyədə cəmiyyətə təsir göstərə biləcək imkanlardan məhrumuq. Əgər qınayacağıqsa, bunu qınamalıyıq.

Şəxsən Türkiyədə aktiv sosial şəbəkə istifadəçisi kimi deyə bilərəm ki, bir neçə gün ərzində adını ilk və son dəfə gördüyüm saxta hesablardan Azərbaycan əleyhinə o qədər paylaşım gəlirdi ki, mən belə çaşıb qalırdım.

Bəs mən bu təbliğata niyə aldanmadım? Çünki mən Azərbaycan xəbərlərini də izləyirəm və ölkəmin mövqeyini bilirəm. Buna baxmayaraq, bəzi məlumatları yoxlama ehtiyacı hiss etdiyim də oldu.

Əgər mən belə düşünmüşəmsə, Azərbaycan xəbərlərini izləməyən və mövqeyimizi bilməyən insanların ard-arda gələn böyük-kiçik səhifələrdən yayılan məlumatlara inanması təəccüblü deyil. Üstəlik bu paylaşımları edənlərin çoxunun Azərbaycan haqqında demək olar ki, heç bir bilgisi yoxdur.

Bu səbəbdən məsələ böyüdü. Lakin təbliğat dalğası bitəndən sonra bu hücumlar da səngiməyə başladı. Hətta həmin paylaşımları edənlərin bir qismi belə sonradan nə etdiklərinin fərqində deyildi və “biz sadəcə ediləni tənqid etdik. Azərbaycan barədə pis bir şey etmədik” deyirdilər.

Biz isə həqiqəti bildiyimiz üçün bunlar bizə çox ağır təsir etdi. Lakin yuxarıda da dediyim kimi, bütün bunlar əsasən sosial şəbəkələrdə qaldı. Real həyatda isə münasibətlər əvvəlki kimi davam edir.

Bəzən ağlı qarışan və sual verən insanlar da olur, onlara həqiqət izah edilir və aldandıqlarını qəbul edirlər.

Bizim üzərimizə düşən vəzifə qardaşlarımızın yanlış təbliğata aldanmasının qarşısını almaq və Azərbaycan həqiqətlərini ən doğru şəkildə çatdırmaqdır. Bunu etmədən boş-boşuna qınamağın heç kimə faydası yoxdur.

Bəzən hər iki tərəfdən “Türkiyə-Azərbaycan qardaşlığı artıq bitdi” deyənlərlə də qarşılaşıram. Bu isə sadəcə bilgisizlik və cahillikdir. Dostluq bitə bilər, amma qardaşlıq bitməz. Eyni qandan və eyni soydan gələn qardaşlıq bitə bilməz.

Hər evdə söz-söhbət, hətta incikliklər olur. Amma qardaşlıq Allahın yazdığı bir bağdır və onu qoparmaq mümkün deyil.

O halda qardaşımıza və qardaşlığımıza sahib çıxaq. Ya bu dünyada qardaşımızla birlikdə var olacağıq, ya da qardaşımızla birlikdə yox olacağıq. Bu seçimin məsuliyyəti isə hər iki qardaşın üzərindədir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.