Dr. Yücel Karauz: Metin Tokelin Naxçıvana səfəri bu mənada dosta güvən, düşmənə isə qorxu verən bir səfər olmaqla yanaşı, dünyaya açıq mesajdır
BAYRAQDAR MEDİA – “Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin Naxçıvana səfəri çox mühüm bir məqamda baş tutan qardaş səfəri olmaqla yanaşı, eyni zamanda dünyaya verilən növbəti mesaj kimi qiymətləndirilməlidir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl dəyərləndirməsində Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
O, qeyd edib ki, istər səfərin özü, istərsə də səfər zamanı çəkilən fotolara diqqətlə baxdıqda bunun nə qədər strateji və mühüm məna daşıdığını görmək mümkündür: “Həmin foto “dosta güvən, düşmənə isə qorxu verən” bir görüntüdür. Ümumiyyətlə, Metin Tokelin Naxçıvana səfəri yalnız Türkiyə – Azərbaycan qardaşlığı baxımından deyil, eyni zamanda son dövrlərdə regionda baş verən proseslər və ümumilikdə türk dünyasının gələcəyi baxımından da böyük strateji əhəmiyyət daşıyır”.

Səfərin hərbi-strateji əhəmiyyətinə toxunan Dr. Yücel Karauz bildirib ki, Metin Tokelin Naxçıvana səfəri çərçivəsində həm hərbi rəhbərliklə, həm də siyasi dairələrlə keçirilən görüşlər, səsləndirilən fikirlər və aparılan müzakirələr Türkiyə ilə Azərbaycanın Şuşa Bəyannaməsi ruhuna uyğun şəkildə birlikdə addımladığını bir daha nümayiş etdirdi: “Bu, həm dost ölkələrə, həm də düşmənlərə açıq mesaj oldu. Səfər zamanı Metin Tokelin timsalında Türkiyə tərəfi bir daha bəyan edib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq Azərbaycana istənilən hərbi dəstəyi göstərməyə hazırdır. Bu bəyanat sıradan bir fikir deyil. Bu, həm dostlara, həm də düşmənlərə Türkiyə ilə Azərbaycan arasında qardaşlığın sarsılmaz olduğunu göstərməklə yanaşı, Şuşa Bəyannaməsinin mahiyyətini də bir daha xatırlatmış oldu. Bununla dünyaya mesaj verildi ki, bu sənəd əsasında iki qardaş ölkə faktiki olaraq vahid strateji mövqedən çıxış edir və tərəflərdən birinə qarşı edilən hər hansı hərbi hücum digərinə qarşı edilmiş hücum kimi qiymətləndiriləcək”.
Türkiyə – Azərbaycan qardaşlığının tarix boyu ən çətin sınaqlardan üzüağ çıxıdığını deyən müsahibimiz əlavə edib ki, bu səfərin digər mühüm tərəfi də son günlər bəzi dairələr tərəfindən Türkiyə ilə Azərbaycan arasında guya fikir ayrılığı və ya narazılıq olduğu barədə süni bir atmosfer yaratmaq cəhdlərinə verilən cavabdır: “Bəzi şəxslər və qruplar sosial şəbəkələrdə və müxtəlif informasiya platformalarında bu istiqamətdə əsassız iddialar irəli sürürdülər. Lakin Metin Tokelin Naxçıvana səfəri həmin iddiaların tamamilə əsassız olduğunu bir daha sübut etdi. Bu səfər bir daha bütün dünyaya göstərdi ki, “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan Türkiyə – Azərbaycan qardaşlığı daimidir, sarsılmazdır və heç bir qüvvə bu münasibətlərə zərər verə biləcək imkana, gücə malik deyil. Bu qardaşlıq tarix boyu olduğu kimi bundan sonra da davam edəcək. Yəni, hər kəs anlamalıdır ki, Türkiyə – Azərbaycan qardaşlığı tarix boyu ən ağır sınaqlardan çıxaraq möhkəmlənib. Bu gün də bu münasibətlər bütün dünyaya nümunədir və gələcəkdə də belə olacaq. Bu qardaşlığı zəiflətməyə çalışanlar hər zaman məğlubiyyətə uğrayacaqlar. Çünki iki qardaş xalqın birliyi və həmrəyliyi bu cür cəhdlərin qarşısında ən güclü sipərdir. Metin Tokelin Naxçıvana səfəri də məhz bu mənada dosta güvən, düşmənə isə qorxu verən bir səfər olmaqla yanaşı, dünyaya açıq mesajdır: Türkiyə hər zaman qardaşı Azərbaycanın yanındadır və iki ölkə həm xoş gündə, həm də çətin günlərdə əl-ələ, çiyin-çiyinə irəliləməyə davam edəcək”.










İlk şərhi yaza bilərsiniz