BAYRAQDAR MEDİA – 2028-ci ildə keçiriləcək Avropa Universitetləri Qış Oyunlarına (EUSA) namizəd olan Erzurum şəhərində namizədlik prosesini gücləndirmək və qurumlar arasında əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaxşı niyyət protokolunun imzalanma mərasimi keçirilib.
Bu barədə Atatürk Universitetinin məlumatında qeyd edilib.
Məlumata görə, Atatürk Universitetinin ev sahibliyi ilə təşkil olunan tədbirdə yarışın Erzurumda keçirilməsi üçün ortaq iradə nümayiş etdirilib: “Türkiyə Universitet İdmanları Federasiyasının koordinasiyası ilə keçirilən mərasimdə bir sıra ali təhsil və yerli idarəetmə qurumlarının rəhbərləri iştirak ediblər. Sənədi Atatürk Universitetinin rektoru Ahmet Hacımüftüoğlu, Erzurum Texniki Universitetinin rektoru Bülent Çakmak, Bayburt Universitetinin rektoru və federasiyanın prezidenti Mutlu Türkmen və digər rəsmi şəxslər imzalayıblar. Protokol çərçivəsində oyunların Erzurumda keçirilməsi üçün hazırlıq işlərinin gücləndirilməsi və qurumlar arasında koordinasiyanın artırılması nəzərdə tutulur”.
Məlumatda deyilir ki, tədbirin şəhərdə keçirilməsi həm universitetlərin, həm də Türkiyənin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm hesab olunur: “Qeyd edək ki, Erzurum əvvəllər də böyük beynəlxalq idman tədbirlərinə ev sahibliyi edib və xüsusilə 2011-ci ildə keçirilən Dünya Universitetlərarası Qış Oyunlarından sonra idman infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf edib. Bu gün şəhər müasir idman obyektləri və güclü infrastrukturu ilə Avropanın aparıcı qış idman mərkəzlərindən biri kimi göstərilir”.






İlk şərhi yaza bilərsiniz