Pərviz Altay: İctimaiyyət Türkiyə–Azərbaycan qardaşlıq münasibətlərini hədəf alan təxribatlara qarşı diqqətli və barəşmaz olmalıdır
BAYRAQDAR MEDİA – İzmir Azərbaycan Dərnəyinin (İZAZDER) sədri Pərviz Altay son günlər Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə yönəlmiş dezinformasiya kampaniyalarına sərt reaksiya verərək qardaşlığın hədəf alına bilməyəcəyini bildirib.
Bu barədə haberturk.com saytı məlumat yayıb.
Məlumatda deyilir ki, məsələ ilə bağlı açıqlama verın Pərviz Altay qeyd edib ki, iki ölkə arasındakı münasibətlər təkcə siyasi və diplomatik əlaqələrlə məhdudlaşmır, eyni zamanda dərin tarixi və mədəni bağlara əsaslanır: “İctimaiyyətdə formalaşdırılmağa çalışılan bəzi təsəvvürlər reallığı əks etdirmir”.
“Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslana qardaşlıq bağları
Pərviz Altay bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tarix boyu “Bir millət, iki dövlət” prinsipi üzərində qurulub. Onun sözlərinə görə, bu birlik ortaq tarixdən, mədəniyyətdən və dəyərlərdən qaynaqlanır. Hər iki ölkə sevincdə də, çətin günlərdə də eyni hissləri paylaşaraq bir-birinə dəstək olub.
Dezinformasiya cəhdlərinə etiraz
Pərviz Altay son günlər bəzi platformalarda yayılan paylaşımların ictimaiyyətdə yanlış rəy formalaşdırmaq məqsədi daşıdığını bildirib. O qeyd edib ki, bu cür təşəbbüslər Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinə zərər verə bilməz: “Əsassız xəbərlər və təxribat xarakterli paylaşımlar vasitəsilə iki ölkə arasında məsafə yaratmağa cəhd göstərilir və belə addımların qarşısında qətiyyətlə dayanmaq lazımdır”.
Qardaşlıq bağları daha da güclənməlidir
Bölgədə baş verən hadisələrə də toxunan P.Altay qeyd edib ki, münaqişələrin və qeyri-sabitliyin artdığı bir dövrdə Türkiyə ilə Azərbaycanın strateji əməkdaşlığı daha da əhəmiyyət kəsb edir: “İki ölkə arasındakı həmrəyliyin güclənməsi həm regional sabitlik, həm də ortaq gələcək baxımından böyük önəm daşıyır”.
Öz növbəsində BAYRAQDAR MEDİA-ya da açıqlama verən Pərviz Altay hər iki qardaş ölkənin ictimaiyyətini dezinformasiya xarakterli məlumatlara inanmamağa və qardaşlıq münasibətlərini hədəf alan təxribatlara qarşı diqqətli olmağa çağırıb: “İctimaiyyət Türkiyə–Azərbaycan qardaşlıq münasibətlərini hədəf alan təxribatlara qarşı diqqətli və barəşmaz olmalıdır”.









İlk şərhi yaza bilərsiniz