Gəncliyin elm, təhsil və tərbiyə ilə silahlanması türk dünyasının gələcəyinin təmin olunması deməkdir
BAYRAQDAR MEDİA – Hər bir xalqın, hər bir ölkənin və hər bir toplumun gələcəyi o zaman uğurlu olur ki, həmin gələcəyin qurucuları olan gənclərə, yeniyetmələrə və uşaqlara xüsusi diqqət və qayğı göstərilir, onların cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaradılır. Bu prosesdə ən vacib amillərdən biri isə təhsildir. Gənclərin keyfiyyətli təhsil alması üçün davamlı dəstək göstərilməsi gələcəyin möhkəm təməl üzərində qurulmasına xidmət edir.

Bu baxımdan demək olar ki, türk dünyası xüsusilə fərqlənir. Çünki ulu babalarımızdan bu günə qədər elmə və təhsilə böyük önəm verilib. Atalarımız digər müqəddəs dəyərlərlə yanaşı, təhsilin, elmin vacibliyini də sonrakı nəsillərə bir növ vəsiyyət kimi ötürüb və bu ənənə hazırda da davam etdirilir. Bu ənənə martın 11-də Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) tərəfindən keçirilən iftar proqramındakı çıxışlarda da öz əksini tapdı. Tədbirdə çıxış edənlər gənclərin və tələbələrin cəmiyyətin inkişafında oynadığı mühüm rolu xüsusi vurğuladılar.
Bu barədə bir qədər sonra. Hələlik isə qeyd edək ki, tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Bakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, millət vəkilləri, TÜİB üzvləri, iş adamları, şəhid ailələri və digər dəvətlilər qatıldılar. Tədbir Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başladı. Daha sonra Din müşavirliyi tərəfindən şəhidlərin və təbii fəlakətlər zamanı həyatını itirən insanların ruhuna dualar oxundu.
Hüseyin Büyükfırat: Dünya hazırda böyük bir transformasiya prosesindən keçir
İftar proqramı çərçivəsində TÜİB-in fəaliyyəti haqqında videoçarx nümayiş olundu. Ardınca TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat çıxış edərək qonaqları salamladı. TÜİB sədri çıxışında əməkdaşlıqların yalnız ticarətlə məhdudlaşmadığını bildirərək, iqtisadi əməkdaşlığı mədəni yaxınlaşma və humanitar həmrəyliklə birlikdə inkişaf etdirməyi hədəflədiklərini qeyd etdi.

O vurğuladı ki, dünya hazırda böyük bir transformasiya prosesindən keçir: “Enerji siyasətləri dəyişir, ticarət yolları yenidən formalaşır və regional ittifaqlar güclənir. Məhz bunların fonunda Türkiyə ilə Azərbaycan arasındakı birlik bu dəyişikliklərin mərkəzində möhkəm və etibarlı bir ox təşkil edir”.
İş adamları və imkanlı şəxslər gənclərin təhsilinə daha çox dəstək göstərməlidirlər
O, TÜİB-in Azərbaycanla Türkiyə arasında iqtisadi və işgüzar əlaqələrin inkişafına töhfə vermək məqsədilə fəaliyyətini davam etdirdiyini bildirdi.
TÜİB sədri çıxışında, həmçinin gənclərin və tələbələrin gələcəyin əsas qurucuları olduğunu qeyd edərək, rəhbərlik etdiyi təşkilatın hər zaman gənclərin təhsil məsələsinə xüsusi önəm verdiyini bildirdi. H.Büyükfırat vurğuladı ki, gəncliyin elm, təhsil və tərbiyə ilə silahlanması türk dünyasının gələcəyinin təmin olunması deməkdir. Bu səbəbdən də o, bütün iş adamlarını və imkan sahibi olan şəxsləri gənclərin təhsilinə daha çox dəstək göstərməyə və bu sahəyə daha həssas yanaşmağa çağırdı.
Birol Akgün: Qardaşlıq münasibətləri bütün sahələrdə olduğu kimi iş dünyasında da uğurla inkişaf edir
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün isə çıxışında Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinə diqqət çəkdi.

Səfir bildirdi ki, “Bir millət, iki dövlət” anlayışı ilə hərəkət edən Türkiyə və Azərbaycanın eyni iftar süfrəsi ətrafında bir araya gəlməsi birlik və həmrəyliyin gözəl nümunəsidir: “Ətraf bölgələrdə qan, od və barıt qoxusunun yayıldığı bir dövrdə iki ölkənin Ramazan ayını sülh və əmin-amanlıq şəraitində yaşaması xüsusi əhəmiyyət daşıyır”.
Səfir əlavə etdi ki, Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında mövcud olan qardaşlıq və həmrəylik regionda sülh və sabitliyin təmin olunmasında ən mühüm amillərdən biridir: “Bu birlik xüsusilə son günlərdə daha aydın şəkildə hiss olunur. Onu da qeyd edim ki, Türkiyə və Azərbaycan arasında mövcud olan qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi iş dünyasında da uğurla inkişaf edir”.






İlk şərhi yaza bilərsiniz