BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyi (KTN) və “Agriman” Group MMC-nin dəstəyi, Aqrar İnkişaf Könüllüləri (AİK) Təşkilatının təşkilatçılığı ilə kənd təsərrüfatında süni intellekt texnologiyalarının tətbiqinə həsr olunmuş “AgroLab” layihəsinin açılış mərasimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tədbiri giriş sözü ilə açan Nazirliyin Mərkəzi Aparatının rəhbəri Azad Cəfərli bildirib ki, aqrar sahədə innovativ yanaşmaların və süni intellekt texnologiyalarının tətbiqi bu sahənin daha səmərəli və dayanıqlı inkişafına böyük töhfə verir. O qeyd edib ki, ağıllı kənd təsərrüfatı aqrar sahədə rəqəmsal transformasiyanı təmin etməklə daha səmərəli və effektiv istehsalın qurulmasına imkan verir. Tədbirdə çıxış edən KTN-in aqrar sahədə ictimai-sosial fəaliyyətlərin əlaqələndirilməsi üzrə koordinatoru Nihad Allahyarlı, Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov və “Agriman” Group MMC-nin həmtəsisçisi Vasif Əliyev kənd təsərrüfatında innovativ yanaşmaların və süni intellekt texnologiyalarının tətbiqinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsinin vacib olduğunu qeyd edib və iştirakçılara layihə çərçivəsində uğurlar arzulayıblar”.
Sonra xəbərdə, “tədbir çərçivəsində “AgroLab” layihəsinin rəhbəri Nərgiz Süleymanova təqdimat edib, layihənin məqsəd və vəzifələri barədə iştirakçılara ətraflı məlumat verib. Qeyd edək ki, AİK tərəfindən 2018-ci ildən etibarən aqrar sahədə gənclərin fəallığının artırılması istiqamətində 200-dən çox layihə həyata keçirilib. Bu layihələrin əsas məqsədi gəncləri kənd təsərrüfatı sahəsinə cəlb etmək, aqrar sahədə kadr potensialının gücləndirilməsinə töhfə vermək, eləcə də innovativ texnika və texnologiyaların səmərəli istifadəsinə nail olmaqdır” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz