BAYRAQDAR MEDİA – 14-15 mart tarixlərində Niderlandın Alkmaar şəhərində keçirilən batut gimnastikası üzrə “Dutch Trampoline Open” beynəlxalq turnirində gimnastlarımız uğurlu nəticələr əldə ediblər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Gimnastika Federasiyasından (AGF) daxil olub.
Xəbərdə deyilir ki, “yarışda fərdi proqramda gimnastlar medal sıralamasında yer alaraq Azərbaycanı layiqincə təmsil ediblər. Belə ki, Selcan Mahsudova 56.580 xalla qızıl medal qazanaraq turnirin qalibi olub. Maqsud Mahsudov 60.030 xalla fəxri kürsünün 1-ci pilləsinə qalxıb. Hüseyn Abbasov isə 57.410 xalla bürünc medala layiq görülüb. Sinxron proqramda da Azərbaycan gimnastları uğurlu çıxışlarını davam etdiriblər. Maqsud Mahsudov – Hüseyn Abbasov cütlüyü 51.530 xalla gümüş medal qazanıb. Digər kişi cütlüyü – Ömər Qasımlı və Muhamməd Həsənli isə 43.680 xalla qızıl medal əldə edib”.
Qeyd edək ki, S.Mahsudova yarış zamanı ən çətin proqramı təqdim edən qadın idmançı kimi xüsusi kuboka da layiq görülüb.






İlk şərhi yaza bilərsiniz