Press "Enter" to skip to content

Çağdaş dünya dərin transformasiya mərhələsindən keçir

Fazil Mustafa

Fazil Mustafa: Beynəlxalq təşəbbüslər Azərbaycanın qlobal səviyyədə intellektual və siyasi dialoqu təşviq edən mühüm aktor kimi mövqeyini möhkəmləndirir

BAYRAQDAR MEDİA – “XIII Qlobal Bakı Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda çıxışı qlobal siyasi gündəmin ən həssas məsələlərinə toxunan mühüm mesajlarla yadda qaldı. Prezidentin çıxışı mövcud beynəlxalq münasibətlər sisteminin təhlili olmaqla yanaşı, həm də yeni reallıqlar fonunda əməkdaşlıq və dialoq imkanlarına strateji baxış kimi diqqəti cəlb etdi”.

Bunu Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.

O, bildirib ki, çağdaş dünyanın həqiqətən də dərin transformasiya mərhələsindən keçdiyini bildirib: “Siyasi qütbləşmənin artdığı, regional münaqişələrin genişləndiyi və qlobal təhlükəsizlik mexanizmlərinin səmərəliliyinin tez-tez sual altına alındığı bir dövrdə dialoq mədəniyyətinin təşviqi xüsusilə vacibdir”.

Fazil Mustafa vurğulayıb ki, ölkə başçısının çıxışında səsləndirilən əsas ideyalardan biri beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət və suverenliyə əsaslanan əməkdaşlıq modelinin vacibliyidir: “Son illərdə Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət ölkənin müxtəlif siyasi və mədəni mərkəzlər arasında etibarlı dialoq platformasına çevrilməsinə şərait yaradıb. Bakı şəhərinin qlobal müzakirələrin keçirildiyi mühüm məkan kimi tanınması da bu siyasətin nəticəsidir”.

Komitə sədrinin sözlərinə görə, XIII Qlobal Bakı Forumu həm də müxtəlif sivilizasiyalar, dinlər və ideoloji baxışlar arasında anlaşma imkanlarını müzakirə edən nadir platformalardan biridir: “Bu baxımdan Prezident İlham Əliyevin çıxışı dünyada artan fikir ayrılıqlarının aradan qaldırılması üçün qarşılıqlı etimadın və inklüziv dialoqun gücləndirilməsinin vacibliyini bir daha ortaya qoydu”.

Fazil Mustafa vurğulayıb ki, Azərbaycanın multikulturalizm siyasəti və dini tolerantlıq ənənəsi də bu çağırışların praktik örnəyidir: “Müxtəlif dini icmaların və ictimai təşkilatların ölkədə sərbəst fəaliyyət göstərməsi, dövlətin bu sahədə tarazlaşdırılmış yanaşması Azərbaycanın beynəlxalq səviyyədə etimad qazanan model kimi qəbul edilməsinə səbəb olur”.

Millət vəkili hesab edir ki, Azərbaycan Prezidentinin forumdakı çıxışı qlobal səviyyədə dialoq və əməkdaşlığın alternativsiz olduğunu bir daha nümayiş etdirdi: “Çağdaş dünyanın mürəkkəb çağırışları məhz ortaq maraqların axtarışı və konstruktiv müzakirələr yolu ilə həll edilə bilər. Bakı Forumunun mahiyyəti də bu ideyanın praktik platformaya çevrilməsidir”.

Fazil Mustafanın fikrincə, belə beynəlxalq təşəbbüslər Azərbaycanın qlobal səviyyədə intellektual və siyasi dialoqu təşviq edən mühüm aktor kimi mövqeyini möhkəmləndirir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.