Aktotı Raimkulova bu missiyanın uğurla yerinə yetirilməsində göstərilən dəstəyə görə media nümayəndələrinə minnətdarlıq edib
BAYRAQDAR MEDİA – Türk Mədəniyyəti və İrsi Fondunun əsas missiyası türk dünyasının mədəniyyətinə xidmət, bu mədəniyyətin dünyada daha dərindən tanıdılması istiqamətində davamlı addımlar atmaqdır.
BAYRAQDAR MEDİA xəbər verir ki, bunu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qurumun mərkəzi qərargahında Azərbaycan media nümayəndələri ilə görüşüdə deyib.
Görüşdəkı çıxışında A.Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun hazırki və gələcək fəaliyyəti barədə geniş məlumat verib, türk xalqlarının ortaq mədəni dəyərlərinin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb.

O qeyd edib ki, Fond türk dövlətləri arasında mədəni əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir və 2024–2025-ci illər təşkilat üçün institusional inkişaf və keyfiyyətcə yüksəliş dövrü olub.
Fond prezidentinin sözlərinə görə, 2025-ci il müxtəlif akademik, mədəni və praktiki layihələrlə yadda qalıb: “Ötən ilin may ayında Budapeştdə keçirilən qeyri-rəsmi sammitdə Özbəkistanın Fondumuza tamhüquqlu üzv kimi qoşulması barədə tarixi qərar qəbul edildi. Oktyabr ayında isə Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Sammitində Türkmənistan müşahidəçi dövlət statusunda Fondumuza qoşuldu”.
Çıxışda o da bildirilib ki, hesabat dövründə Fond tərəfindən 70-dən çox kompleks layihə həyata keçirilib: “Ümumilikdə isə 2024–2025-ci illərdə 135 tədbir və təşəbbüs reallaşdırılıb, 40 birgə layihə icra olunub, 37 yaradıcılıq təşəbbüsünə dəstək göstərilib, 23 təhsilyönümlü tədbir təşkil edilib, 19 elmi-tədqiqat proqramı həyata keçirilib, bərpa və muzeyləşdirilmə üzrə 5 layihəyə dəstək verilib”.
Aktotı Raimkulova qeyd edib ki, maddi-mədəni irsin qorunması Fondun prioritet istiqamətlərindən biridir: “Bu çərçivədə Qırğızıstanda şair Alıkul Osmonovun ev-muzeyinin bərpası tamamlanıb, Qaraxanlılar dövrünə aid tarixi obyektlərdə tədqiqat və bərpa işləri aparılır. Azərbaycanda Füzuli rayonunda XVIII əsrə aid Qoçəhmədli məscidinin bərpasına başlanılıb, Qazaxıstanda isə qədim Kulan şəhərciyinin muzeyləşdirilməsi layihəsi həyata keçirilir”.
Fond prezidenti vurğulayıb ki, bu layihələr yalnız tarixi abidələrin qorunmasına deyil, həm də onların mədəni, təhsil və turizm infrastrukturuna inteqrasiyasına xidmət edir.
O, türk mədəniyyəti və irsinin beynəlxalq müstəvidə tanıdılmasında medianın mühüm rol oynadığını qeyd edərək, fondun və Türk dünyasının zəngin irsinin beynəlxalq müstəvidə təbliği istiqamətində gördüyü işlərə və işıqlamdırılmasında göstərdiyi dəstəyə görə media nümayəndələrinə təşəkkürünü bildirib.
Tədbirdən sonra Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə iftar süfrəsi verildi.






İlk şərhi yaza bilərsiniz