BAYRAQDAR MEDİA Əməkdar artist Elman Rəfiyevlə özəl müsahibəni təqdim edir.
Fəxri adımın qarşısını alan Xalq artisti…

-Görürəm ki, hələ də uzun müddət xidmət etdiyiniz səhnədən kənardasınız və adınız da məlum qalmaqalların fonunda hələ də çəkilir. İndi aradan müəyyən vaxt keçib, geriyə baxaq və oxucuların maraqlandığı sualları daha dərindən aydınlaşdıraq. Elə isə ilk sualım belədir: İşsiz qaldığınız bu dövrü necə qiymətləndirirsiniz?
-Sevil, artıq on üç aydır ki, işsizəm, heç bir teatrda işləmirəm. Bilirsiniz, teatrdan özüm uzaqlaşmamışam, uzaqlaşdırılmışam. Mədəniyyət Nazirliyinə gedib əmək kitabçamı alanda mənə dedilər: “özünüzü necə hiss edirsiniz, sənətkar?” Mən də dedim ki, Babək filmində Babəkin bir sözü var: “İstər acı olsun, istər şirin – amma azadlıq! Azadlıq!” Bax, mən o azadlığı duydum. Söz yox, teatrdan kənarda qalmağım ilk vaxtlar çətin idi. Təsəvvür edin, həyatın 37 ilini Pantomim Teatrının inkişafına həsr etmiş, birbaşa yaradıcılarından biri olan adama sonra desinlər ki, sən bizə lazım deyilsən. Bu, əlbəttə, bir az ağır oldu. Həyat yoldaşım deyir ki, mənim ağlıma gəlməzdi sən nə vaxtsa işsiz qala bilərsən. 2025-ci il – İlan ili mənim üçün əvvəldən pis başladı və sənətimdən uzaqlaşdırdı. On yaşından teatrdayam, yəni 45 ildir incəsənətlə məşğulam. Bu yol Sumqayıtda, Pionerlər Evində fəaliyyət göstərən Kukla Teatrından başladı. Sonralar Xalq Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında və nəhayət, Pantomim Teatrında işlədim. Pantomim Teatrı ilə yanaşı İlham Miniyatür Teatrında da fəaliyyət göstərirdim. Bir sözlə, sənətimə sevgimi vermişəm. Mən Pantomim Teatrında direktor ştatında idim. Onunla yanaşı səhnədə də tamaşa oynayırdım, inzibatçı, mətbuat katibi ştatı olmadığından o işləri də mən aparırdım, musiqiyə böyük həvəsim olduğu üçün tamaşaların, demək olar ki, əksəriyyətinin musiqi tərtibatçısı da mən idim. Və bu işlərin hamısını sevə-sevə etmişəm. Çünki bir insan bir işlə sevgi ilə məşğul olmalıdır. O sevginin nəticəsidir ki, bu gün mən orada yoxam. Sağ olsun, cənab Prezident mənə Əməkdar artist fəxri adını verdi. Mən Xalq artisti titulunu almaq istəyəndə isə məni uzaqlaşdıran insan qabağımı aldı ki, o fəxri adı almayım. Qoy oxucularımız da bilsinlər ki, Xalq artisti fəxri adı 300 manat aylıq təqaüddür, Əməkdar artist isə 200 manat. Yaxşı ki, heç olmasa bu təqaüd var imiş. Teatrdan uzaqlaşsam da metroda və avtobusda Elman Rəfiyevi görəndə insanlar deyirlər: “Bu adam pantomimadır. Bu adam Pantomimin yaradıcılarından biridir”. Baxın, mənim qazancım budur. Və bir tarix yaşadım. Elman Rəfiyevi isə tarixdən heç kimin heç zaman silməyə cürəti çatmayacaq!
Otuz bir illik zəhmət…
-Cənab Prezident tərəfindən fəxri ad almış, mükafatlandırılmış sənətkarsınız. Belə bir sənətkarın hələ də səhnədən kənarda qalması, sizcə, normaldır, yoxsa səhnə arxasında görünməyən hansısa maraqlar var?
-Görün, teatr dediyimiz incəsənət ocağında nə qədər qaranlıq məqamlar var. Son dövrlər mətbuatda oxuyuruq, aktyorlarla rejissorlar arasında nə qədər gərginlik, mübahisələr baş verir. Axı siz incəsənətlə məşğul olmalısınız. Kim irəli getdi, kim geridə qaldı, bu tamaşada mən oynadım, o tamaşada sən oynadın — bunlar əsas məsələ olmamalıdır. Mən hər zaman sənət adamlarının uğurunu öz uğurum kimi qəbul etmişəm. Görürəm ki, bəzi insanların içində elə bir paxıllıq hissi var ki, o hiss başqasının uğuruna sevinməyə maneə olur. Düşünürlər ki, gərək bunu mən edərdim, mən qazanardım. Xeyr, məqamın gələndə sən də qazanacaqsan. Hər şeyin öz vaxtı var. Səhnədən kənarda qaldığım bu dönəmdə hamı məndən soruşur ki, sən niyə səhnədə yoxsan? Mən də deyirəm: “Teatr səhnəsində yoxam, kinoda varam, dublyajda varam. Teatr studiyamız var, orada varam”.
Sevil, mən sənətə teatr sevgisi ilə gəlməmişəm. Mən bu sənətə kinonu sevib gəlmişəm. Ona görə də sənədlərimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram Teatrı və Kino Aktyorluğu fakültəsinə vermişdim. İstəyim kinoya çəkilmək idi. Əfsuslar olsun ki, 1992-ci ildə universiteti bitirəndə Azərbaycanda kino süquta uğramışdı. Ona görə də məcburiyyət qarşısında qalıb 1988-ci ildə təməlini qoyduğumuz Pantomim Teatrında davam etməyə başladım. 1991-1993-ci illərdə Gənclər Teatrında işlədim, 1994-cü ildə Pantomim Teatrı yarandı və orada davam etdim. Orada işləməyimin səbəbi o idi ki, Pantomim Teatrı bütün teatrlardan tam fərqli idi. Orada sən hissləri mimika, jest, bədən dili ilə ifadə etməli idin. Uzun illər orada işlədim. Nə az, nə çox, düz 31 il. Sonra isə uzaqlaşdırıldım.
Əgər Elman Rəfiyev pis aktyor olsaydı, Prezident tərəfindən Əməkdar artist adına layiq görülərdimi? Pis aktyor olsaydı, Prezident tərəfindən üç otaqlı mənzillə təmin olunardımı? Deməli, mən öz sənətimlə düzgün məşğul olmuşam.
Bu işdə Bəxtiyar Xanızadənin adı var…

-Keçən müsahibənizdə demişdiniz ki, Bəxtiyar Xanızadə açıq şəkildə “Ya mən, ya da Elman Rəfiyev” deyib. Bu qarşıdurmanın kökü haradan başladı və belə mübahisələrdə teatr və tamaşaçı nə itirir?
-Tamaşaçı Elman Rəfiyevi itirdi. Pantomim Teatrı isə Elman Rəfiyevi sevən tamaşaçılarını itirdi. Çünki ora gələn hər tamaşaçı diqqətimdə idi və mənim üçün çox dəyərli idi. Gələnlərin əksəriyyəti də mənə görə gəlirdi. Gələk başlama səbəbinə. Deməli, kadrlar üzrə mütəxəssis Aytən İsmayılova teatr əməkdaşlarının təqaüd, pensiya fonduna köçürülməli olan vəsaitini mənimsəyirmiş. Bu hadisə də pandemiya dönəminə təsadüf edib. Mənim də bu məsələdən xəbərim olmayıb. Əgər xəbərdar idimsə, necə ola bilər ki, Nazirliyə məktub yazıram və xahiş edirəm ki, təcili audit yollasın və teatrı araşdırsınlar. Bütün bu yoxlamada bir yayım ancaq korrupsiyada keçdi. Bütün sənədləşmədə də köməklik etdim. Bu da xoş qarşılanmadı. Mədəniyyət Nazirliyi, ümumilikdə, incəsənət mühiti yaxşı bilir ki, Elman Rəfiyev direktor olsa da, teatrın idarəçiliyi kimə məxsusdur. Nazirlikdən mənə dedilər: “Niyə bədii rəhbərlə bağlı ölçü götürmürsən?” Mən isə dedim ki, “bunu necə edə bilərəm?” Korrupsiyadan mənə məktub gəldi ki, bu cinayətdə Bəxtiyar Xanızadənin adı var, zəhmət olmasa, ölçü götürün. Öz-özümdə düşündüm ki, bu adam mənim müəllimimdir, mən edə bilmərəm. Mən belə yanaşdım. O isə Nazirliklə hansısa danışıqlar apardı. Həmin danışıqlar müqabilində məni Nazirliyə çağırdılar və dedilər ki, zəhmət olmasa, ərizəni yazıb işdən çıx. Əslində mənim ərizə yazaraq getmək fikrim yox idi. Amma bildirdilər ki, ortada yeyinti ilə bağlı ciddi iddialar var. Hərçənd ki, əsas ittihamlarda Bəxtiyar Xanızadənin adı hallanırdı, yenə də direktor kimi nəzarət məsuliyyəti mənim üzərimə düşürdü. Mən də bunu qəbul etdim. Doğrudan da nəzarət boşluğu olmuşdu və nəticədə bu qədər böyük bir teatrda 28–29 yaşlı bir qız 332 min manat vəsaiti mənimsəyə bilmişdi. Buna görə mənə şiddətli töhmət verildi. Deyildi ki, direktorluq vəzifəsindən uzaqlaşdırılsın. Mən də dedim ki, problem yoxdur — bu mənim cəzamdır. Bu səhv baş verməməli idi, nəzarətimdən kənarda qalmamalı idi. Doğrudan da çox utancverici bir hadisə idi ki, gənc bir qız bu boyda teatrın adına ləkə gətirdi. Mən ərizəmi yazdım. Amma sonra dedilər ki, nazir bildirib: “Elman Rəfiyevə böyük hörmətim var. O, teatrdan tam getməsin, aktyor kimi fəaliyyətini davam etdirsin”. Mən də Nazirliyin nümayəndəsinə dedim: “Siz dediyinizi özünüz eşidirsiniz?” Dedilər: “Necə yəni?” Dedim: “Bəxtiyar Xanızadə buna imkan verəcəkmi?” Onlar isə cavab verdilər ki, biz onunla danışarıq. Ertəsi gün Bəxtiyar Xanızadə ilə görüş təşkil olundu. Görüşdən sonra iki gün heç bir xəbər çıxmadı. Mən özüm zəng edib soruşanda bəlli oldu ki, Bəxtiyar Xanızadə “ya mən, ya da Elman Rəfiyev qalacaq” deyib. Məsələ məhz bu cür olub.
-Bədii rəhbər, baş rejissor vəzifələri ləğv edildi, bundan sonra qabağı necə görürsünüz, bu kimi münaqişələr sonlanacaqmı?
-Yenə də eyni şey olacaq. Sadəcə baş rejissor və bədii rəhbər vəzifələri ləğv olunub, onların yerinə “yaradıcılıq emalatxanasının müdiri” və “yaradıcılıq şöbəsinin müdiri” kimi vəzifələr yaradılıb. Yəni dəyişən vəzifənin adıdır. Rəhbərlik edən yenə də eyni şəxsdir.
-Bəs siz nə təklif edərdiniz?
-Nə qədər ki, teatrda aktyorlar bir-birinə dəstək olmayacaq, hər kəs yalnız özünü düşünüb irəli getmək haqqında fikirləşəcək, bu hallar davam edəcək. İnsan daxildən özü düzəlməlidir. Vəzifəyə gələn kimi çoxları çaşır, “mən müdirəm” deyib hamıya yuxarıdan aşağı baxmağa, hegemonluq etməyə başlayır. Mən 1988-ci ildə institutda təhsil alandan bu günə qədər bu intriqalar hələ də davam edir. Guya islahatlar keçirildi. Özünüzü aldatmayın, əzizlərim, özünüzü aldatmayın! O ad dəyişdi, insan ki, dəyişmədi. Azərbaycanda incəsənətin adı incəsənətdir. İncəlikdən isə orada heç bir şey yoxdur.
-O dövrdə mediada sizin ölkədən çıxışınıza qadağa qoyulduğu barədə xəbərlər yayılmışdı. Hətta bu səbəbdən udduğunuz Green Card-dan da istifadə edə bilməmisiniz. İndi vəziyyət hüquqi baxımdan nə yerdədir?
-Deyirlər, pis xəbər tez yayılır. Həmin xəbər çıxanda bir saat içində bütün respublikada məşhur bir insan oldum — xəbəriniz var? Nə gözəl şey imiş! Mən onun həzzini çıxardım, nə qədər zəng aldım… Görən deyirdi: “A, o Green Card udmuş adamdır, elə o həmin adamdır!” Başqa biri isə deyir, “siz o Green Card udan aktyorsunuz?” Mən də deyirəm, “bəli”. (gülür)
Green Card udduğum vaxt Tiflisə getməli idim. Görüş alınmadı, Deməli, Tanrı məsləhət bilmədi. Əslində, Green Card udub Amerikada yaşamaq niyyətim yox idi. Elman Rəfiyev Azərbaycanda öz adı-sanı olan sənətkardır. Orada ya taksi sürücüsü, ya da Amazon kargolarını daşıyan biri olacaqdı. Sadəcə Green Card-ı əldə etmək istəyirdim ki, istədiyim vaxt Amerikaya gedib-gələ bilim. Başqa cür viza almalısan, vizanın veriləcəyi də sual altındadır. Green Card isə 10 il ərzində istədiyin vaxt ABŞ-yə gedib-gələ bilməyə imkan verir.
Hə, hüquqi cəhətdən nə baş verdi…? Sağ olsun, Korrupsiya, Baş Prokurorluq hər şeyi dərindən araşdırdı. Onlar Elman Rəfiyev, Bəxtiyar Xanızadə tanımırlar. Yalnız hüquqi baxımdan baş vermiş hadisəyə qiymət verirlər. Və dedilər ki, sənin heç bir günahın yoxdur. Teatrdan uzaqlaşdığım üçün də qadağalar mənim üzərimdən götürüldü. Hazırda, bildiyim qədər, teatrın başında kimdirsə, bütün qadağalar onun üzərindədir. Mən, əlbəttə ki, bunu istəməzdim, amma qanun bunu tələb edir. Mənim yerimə kim gəlibsə, bütün qadağalar avtomatik olaraq onun üzərinə keçdi. Borc bağlanmalıdır, qız da o borcu bağlaya bilmir. Borc bağlanmasa, teatrın hüquqi şəxsi üzərində qadağa qalacaq. İşdən uzaqlaşdığım halda avtomobilimin texniki baxışına gedəndə məlum oldu ki, maşınıma məhdudiyyət qoyulub. Soruşdum: “Nə məhdudiyyət?” Dedilər ki, vergi ilə bağlı problemin var. Dedim, bu mənim yox, teatrın problemidir, mənim nəyə aidiyyətim var? Məhkəməyə müraciət etdim və həmin məhdudiyyəti mənim üzərimdən götürdülər. Oldum tam azad.
-Bütün bu proseslərdə Mədəniyyət Nazirliyinə dəfələrlə müraciət etdiyinizi və cavabında sizin haqqınızda yaxşı fikirdə olduqlarını, ancaq konkret addım atmadıqlarını bildirmişdiniz. Keçən bu müddət ərzində əməli bir addım atdılarmı?
-Keçən bu müddət ərzində heç bir dəfə mənə zəng etdilərmi? Sən ki, kənarlaşdın, deməli, yadlarından çıxırsan, bəlkə də çıxmırsan. Eşitmişdim ki, haqqımda yaxşı fikirdədirlər. Bir il tamam oldu. Bu gün bir çox teatrlar başsızdır, kadr axtarırlar. Amma Elman yaddan çıxıb. Olsun…Olsun…
-Elman müəllim, Azərbaycanda teatr sistemi sənətkarı qorumağa çalışırmı?
-Yox, Azərbaycanda teatr sistemi sənətkardan istifadə edib teatrı yaşadır. Aktyor sadəcə teatrın işləməsi üçün lazımdır. Aktyor öldü, xəstələndi yaddan çıxır. İşdən çıxdı yaddan çıxır, sanki elə bir adam heç olmayıb. Aktyor 65 yaşına gələndə deyirlər ki, təqaüdə getməlisən. Bu adam canını sənətə qoyub, düşünürsünüz? 27 teatr saxlamaqdansa, bunu edin 10 teatr və seçmələri o teatrlara yığın, işləsinlər.
-Bu gündən sonra sizə təklif gəlsə, yenidən səhnəyə qayıdarsınız?
-Əlbəttə.
“Eynək” İncəsənət Studiyasını yaratdıq…
-Bəs hansı teatrda işləmək istəyərdiniz?
-Şəxsən mənim üçün doğma olan Gənc Tamaşaçılar Teatrında işləmək istərdim. Çünki Pantomim Teatrı orada doğulub. O teatr və kollektivi mənim üçün doğmadır. Pantomim Teatrında isə yalnız bir şərtlə işləyərəm. İnkişafın qarşısını alan insanlar uzaqlaşmalıdır. Çünki o vaxt inkişaf olacaq. Mən həmişə demişəm: “Nə vaxtsa bu teatrı idarə etmək imkanım olsa, pantomimadan uzaqlaşmış aktyorları geri qaytaracaq və onlarla yeni tamaşalar hazırlayacağıq”. Bu gün də həmin sözümün arxasındayam. Nə vaxtsa bunu edəcəyəm.
Teatrdan uzaqlaşdığım bu bir il mənim üçün böyük məktəb oldu. Vaxtımı boş keçirmədim. Nəvələrimlə məşğul oldum, idman etdim, düşündüm və özümü topladım. Keçən ilin sonunda isə maraqlı bir təklif gəldi. İranın Zəncan şəhərində Pantomim Teatrının yaradıcısı Sasan Qacar pantomima festivalı üçün tamaşa hazırlamağımı istədi. Təklifi Pantomim Teatrına yox, birbaşa Elman Rəfiyevə etdi. Mən də eşitmişdim ki, incəsənətdə altı uşaq “Eynək” incəsənət studiyası yaradıb. Onun tərkibində həm kino, həm də teatr var. O teatrı isə işlədə bilmirlər. İş elə gətirdi ki, məşq etməyə yer tapılmadı. Çox sağ olsun, Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Hacı İsmayılov və onun müavinləri – Xalq artisti İlham Namiq Kamal, Əməkdar artist Azad Şükürov və Aida xanım Qafarova mənə dəstək oldular. Hacı müəllim dedi ki, gəl bu səhnədə məşq elə, tamaşanı göndərək. Beləliklə, məşqlərimizi etdik, sənədləşdirmə işlərini çatdıra bilmədiyimiz üçün tamaşanın videosunu göndərdik. Tamaşa festivalda Samuel Bekket “Qodonun intizarında” çətin əsərinin səhnə həllinə görə mükafata layiq görüldü. Sonra bu yaxınlarda martın 3-4-5-i Teatr Xadimləri İttifaqının keçirdiyi “Baxış-6” festivalında tamaşamız qonaq qismində çıxış etdi və iki aktyorumuz diplomla mükafatlandırıldı. Deməli, mən boş bekar qalmadım.
-Bu müsahibəni oxuyan tamaşaçılar və həmkarlarınız üçün bu gün hansı mesajı vermək istərdiniz?
-Həyatda sevdiyiniz peşə ilə məşğul olun, həmin peşə ilə sevərək məşğul olun, amma insanları düz seçin. Çünki sənin sevgi verdiyin insanların içində xəbislər də var. Onları tapmaq lazımdır. Mən belə bir aforizm yazdım: “Bəzi insanlar bataqlıqdır. Ya onun yanında qalıb boğulmalısan, ya da canını qurtarıb “azad” olmalısan.”
-Siz də canınızı qurtarıb azad olanlardansınız?
-Bəli, özü də alnıaçıq azadam. Bəzən hansısa direktor işdən çıxanda deyirlər ki, bu adam yeyib-dağıdıb. Amma mənim alnım açıqdır, çünki sənətimlə məşğul olmuşam. Kimsə qıraqdan deyir, baxın, Elman teatrda bu qədər iş gördü, amma indi kənarda da qalıb. Əslində kənarda qalan sizsiniz. Elə bilirsiniz ki, meydanın ortasındasınız. Mən sizə baxıram, görürəm nələr çəkirsiniz. Bu dövrdə bir şeyi də gördüm – insanların, sənət yoldaşlarımın mənə münasibətini. Sən demə, bir çoxu mənim tərəfimdə imiş…










İlk şərhi yaza bilərsiniz