BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Sırdərya vilayəti hakimiyyətinin birgə təşkilatçılığı ilə Gülüstan şəhərində Novruz bayramına həsr olunmuş bayram konserti keçirilib. Tədbir Gülüstan şəhərində yerləşən Musiqili Dram Teatrında təşkil olunub.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.
Xəbərdə deyilir ki, “konsertdə Sırdərya vilayətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, tələbələr, jurnalistlər, eləcə də Özbəkistanda yaşayan azərbaycanlılar iştirak ediblər. Tədbirdə çıxış edən Mərkəzin direktoru Akif Marifli Novruz bayramının türk dünyasının ortaq mədəni irsi və mənəvi dəyəri olduğunu qeyd edib. O bildirib ki, bu qədim bayram təkcə baharın gəlişini deyil, həm də birlik, həmrəylik və dostluq ideyalarını təcəssüm etdirir. Direktor vurğulayıb ki, Azərbaycanın Prezidenti İlham Əliyev və Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev tərəfindən həyata keçirilən siyasət nəticəsində iki ölkə arasında mədəni-humanitar əməkdaşlıq dinamik şəkildə inkişaf edir və bu cür tədbirlər xalqlar arasında qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə xidmət edir”.
Daha sonra konsertdə, “Sırdərya vilayətinin hakim müavini Şoxrux İsakulov Novruz bayramının türk xalqlarının ortaq mənəvi dəyərlərini, qədim ənənələrini və birlik ruhunu əks etdirən mühüm bayramlardan biri olduğunu qeyd edib. O bildirib ki, Novruz əsrlər boyu xalqları bir araya gətirən, dostluq və qarşılıqlı hörmət dəyərlərini möhkəmləndirən bayram kimi böyük əhəmiyyət daşıyır. Bu cür mədəni tədbirlər Azərbaycan və Özbəkistan arasında mövcud olan dostluq münasibətlərinin daha da inkişafına töhfə verir” deyə vurğulanıb.

Bildirilib ki, “konsert proqramında Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, azərbaycanlı müğənni Fəxri Kazım-Nicat, eləcə də Özbəkistanın tanınmış ifaçıları və musiqi kollektivləri çıxış ediblər.
Bununla yanaşı, Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarı bülbül” teatr truppası Azərbaycan teatr klassikasından səhnə parçaları təqdim edib. Teatr kollektivinin ifasında Üzeyir Hacıbəylinin məşhur əsərləri “Arşın mal alan” və “O olmasın bu olsun” tamaşalarından səhnələr nümayiş etdirilib.
Konsert proqramı çərçivəsində Mərkəzin “Qarabağ Zəfəri” rəqs ansamblı Azərbaycan xalq rəqsləri əsasında hazırlanmış xoreoqrafik kompozisiyalar təqdim edərək tamaşaçılara milli rəqs sənətinin gözəlliyini nümayiş etdirib”.
Qeyd edilib ki, “rəngarəng musiqi və səhnə nömrələri ilə zəngin olan bayram konserti Novruzun sevinc və birlik ruhunu əks etdirərək tamaşaçılarda xoş təəssürat yaradıb”.










İlk şərhi yaza bilərsiniz