Əli Orucov: Düşünmürəm ki, Tehran indiki halda Ukraynaya zərbələr endirsin
BAYRAQDAR MEDİA – “İran müharibənin daha geniş areala yayılması və qlobal miqyas alması üçün mümkün olan hər şeyi edir. Tehran hesab edir ki, belə halda ABŞ-İsrail cütlüyünə beynəlxalq təzyiqləri artırmağa və hərbi əməliyyatları dayandırmağa nail olunar”. Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında politoloq Əli Orucov deyib.
O, qeyd edib ki, burda da rejim ucdantutma hamıya hücum etməyi düşünmür: “Hansı dövlət İsrail-ABŞ koalisiyasına müttəfiqlik edirsə, ona dəstək verirsə hədəfdə onlardı. İran üçün qlobal enerji zəncirini qırmaq, Tramp-Netanyahu birliyinə qarşı etirazları artırmaq strateji məqsəddir. Doğrudur Ukrayna da ABŞ-a öz xidmətlərini təklif etməklə, dostluğuna, tərəfdaşlığına sadiqliyini nümayiş etdirməklə Tehranın qəzəbini qazanıb. Və Ukraynanı legitim hədəf sayır. Lakin düşünmürəm ki, Tehran indiki halda Ukraynaya zərbələr endirsin”.
Politoloqun qənaətinə görə, bu, İrana heç nə vermir, əksinə bu bir tərəfdən həm boş hərbi sursat itkisi demək olar, digər tərəfdən də Qərbin etirazlarını qazanardı: “Qərb İran müharibəsinə ehtiyatlı mövqe sərgiləyir və D.Tramp-B.Netanyahu avanturasının bir parçası olmaq istəmir. Maksimum dərəcədə neytrallığını saxlamağı daha məqsədəmüvafiq hesab edir. Kiyevə İranın xəbərdarlığı çatıb. Zatən Tramp Ukrayna prezidentinin kömək təklifinə də ironik və aşağılayıcı cavab verərək bildirib ki, ən axırıncı və sonuncu ola bilər. Ona görə də İranın diqqəti hazırda Xəzər hövzəsində yaxud Ukraynada yeni münaqişəyə girmək deyil, Hörmüz boğazından və regionda vəziyyətin nəzarətdən və gərginlikdə saxlamaqdır. Bir sözlə, Ukrayna Tehranın kompitensiyasında deyil”.






İlk şərhi yaza bilərsiniz