Mehmet Gökhan Özçubukçu – Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri/ Beynəlxalq münasibətlər üzrə mütəxəssis – Özəl olaraq BAYRAQDAR MEDİA üçün
Birinci yazı
BAYRAQDAR MEDİA – Novruz türk dünyasının ən qədim və ən köklü bayramlarından biri kimi yalnız baharın gəlişini simvolizə edən mövsümi bir mərasim deyil; eyni zamanda türk xalqlarının tarixi yaddaşında mühüm yer tutan güclü mədəni simvoldur. Minilliklərə dayanan tarixə malik olan Novruz Orta Asiya çöllərindən Anadoluya, Qafqazdan Balkanlara qədər uzanan geniş coğrafiyada türk xalqları tərəfindən qeyd olunmuş və zamanla ortaq bir sivilizasiya ənənəsinə çevrilmişdir. Köçəri və yarımköçəri həyat tərzinin hakim olduğu qədim türk cəmiyyətlərində təbiətin dövranı və fəsillərin dəyişməsi ictimai həyatın mühüm hissəsi idi. Bu səbəbdən baharın gəlişi yalnız təbiətin oyanışı deyil, həm də yeni ilin başlanğıcı, bolluq və bərəkətin artması və ictimai həyatın yenidən canlanması demək idi. Bu baxımdan Novruz türk mədəniyyətində təbiətlə insan arasında harmoniyanın və həyat dövranının simvolik ifadəsi kimi qəbul edilmişdir.
Türk tarixi rəvayətlərində Novruzun mənşəyi çox vaxt yenidən doğuluş və azadlıq mövzuları ilə əlaqələndirilir. Bu baxımdan Novruzla bağlı ən mühüm simvolik rəvayətlərdən biri Ergenekon Dastanı ilə əlaqələndirilir. Türk mifoloji təsəvvürlərinə görə Ergenekondan çıxış türklərin yenidən güclənməsini və azadlığa qovuşmasını simvolizə edən mühüm tarixi dönüş nöqtəsidir. Rəvayətə görə türklər uzun illər Ergenekonda sıxışıb qalmış, lakin dəmir dağı əridərək oradan çıxmağa nail olmuş və yeni bir başlanğıc etmişlər. Bu hadisənin Novruz gününə təsadüf etdiyinə inanılması Novruzu yalnız baharın gəlişi ilə deyil, eyni zamanda dirçəliş və yenidən doğuluş düşüncəsi ilə də əlaqələndirmişdir. Bu səbəbdən Novruz Türk dünyasında çox vaxt “yenidən dirçəliş bayramı” kimi qəbul edilir.
Türk dünyasında Novruzun ortaq kimlik quruculuğundakı rolu
Novruzun türk xalqları üçün daşıdığı ən mühüm mənalardan biri də onun güclü mədəni birlik simvolu olmasıdır. Bu gün Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan başda olmaqla bir çox türk xalqları Novruzu böyük coşqu ilə qeyd edirlər. Müxtəlif coğrafiyalarda yaşayan türk xalqlarının bu bayramı oxşar mərasimlərlə qeyd etməsi ortaq tarixi və mədəni bağların bu günə qədər güclü şəkildə davam etdiyini göstərir. Tonqal üzərindən tullanmaq, ənənəvi yeməklərin hazırlanması, xalq oyunları, meydanlarda keçirilən kütləvi şənliklər və müxtəlif mərasimlər Novruzun ortaq mədəni yaddaşdakı yerini göstərən mühüm elementlərdir.
Bu baxımdan Novruz yalnız bir mədəni ənənə deyil, eyni zamanda türk dünyasında ortaq kimliyin güclənməsinə töhfə verən mühüm bir simvol kimi qiymətləndirilə bilər. Müxtəlif dövlət sərhədləri daxilində yaşayan türk xalqlarının eyni bayramı oxşar ənənələrlə qeyd etməsi mədəni davamlılığın və ortaq tarixi şüurun mühüm göstəricisidir. Bu ortaq irsin daha görünən hala gəlməsində və institusional xarakter qazanmasında Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq əməkdaşlıq platformalarının da mühüm rolu olduğu müşahidə olunur. Türk dünyası ölkələri arasında artan siyasi, iqtisadi və mədəni əməkdaşlıq Novruzun ortaq sivilizasiya simvolu kimi daha da ön plana çıxmasına səbəb olur.
Son illərdə Türkiyədə də Novruzun yenidən güclü mədəni simvol kimi ön plana çıxdığı müşahidə edilir. Xüsusilə Novruzun rəsmi bayram kimi qeyd olunması istiqamətində atılan addımlar bu qədim ənənənin dövlət və cəmiyyət səviyyəsində daha geniş şəkildə mənimsənildiyini göstərir. Türkiyədə Novruzun rəsmi bayram statusu qazanması yalnız mədəni qərar deyil, eyni zamanda tarixi və sivilizasiya baxımından mühüm bir addım kimi qiymətləndirilə bilər. Bu inkişaf türk tarixinin və mədəni irsinin mühüm hissəsi olan Novruzun daha güclü şəkildə qorunmasına və gələcək nəsillərə ötürülməsinə şərait yaradacaqdır.
Eyni zamanda bu proses Türkiyənin türk dünyası ilə mədəni bağlarının daha da güclənməsi baxımından böyük əhəmiyyət daşıyır. Novruzun rəsmi bayram kimi qeyd olunması Türkiyə ilə digər türk dövlətləri arasında ortaq tarixi və mədəni irsin daha görünən hala gəlməsinə töhfə verəcəkdir. Bu çərçivədə Novruz yalnız bahar bayramı olmaqdan əlavə, türk dünyasının mədəni bütövlüyünü və sivilizasiya birliyini simvolizə edən mühüm bir elementə çevrilir.
Novruz türk dünyası arasında mədəni diplomatiya baxımından da mühüm vasitə kimi qiymətləndirilir
Novruzun bu gün daşıdığı məna yalnız tarixi və mədəni ölçü ilə məhdudlaşmır. Eyni zamanda Novruz türk dünyası arasında mədəni diplomatiya baxımından da mühüm vasitə kimi qiymətləndirilir. Qloballaşan dünyada mədəni dəyərlər və ortaq ənənələr dövlətlərarası münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır. Bu baxəmdan Novruz Türk dünyasının ortaq kimliyini gücləndirən və xalqlar arasında mədəni bağları möhkəmləndirən mühüm bir faktor kimi önə çıxır.
Gələcək perspektivdən baxıldıqda Novruzun türk dünyasında daha institusional və beynəlxalq xarakter qazanması da mümkündür. Ortaq mədəni tədbirlər, beynəlxalq Novruz festivalları və akademik tədqiqatlar bu bayramın yalnız ənənəvi mərasim kimi deyil, həm də türk dünyasının mədəni bütövlüyünü təmsil edən mühüm simvol kimi daha da ön plana çıxmasına töhfə verə bilər. Bu baxımdan Novruz keçmişdən gələn mədəni irs olmaqla yanaşı, türk dünyasının gələcək birlik və həmrəyliyinin də güclü simvollarından biri olaraq qalmağa davam edəcəkdir.









İlk şərhi yaza bilərsiniz