Əli Orucov: Bolşevik-daşnak qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi qırğınlar xalqımızın qan yaddaşında silinməz iz buraxıb
BAYRAQDAR MEDİA – “Azərbaycan XIX əsrin əvvəllərində ikiyə parçalandıqdan sonra xalqımız Güney Azərbaycanda fars şovinizminin, Quzeydə isə Rusiya imperiyasının əsarəti altında müxtəlif faciələrə məruz qaldı. Bunların ən ağır və ən dəhşətlisi isə ötən əsrin əvvəllərində bolşevik-daşnak cəlladlarının törətdiyi soyqırımı oldu”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında politoloq Əli Orucov deyib.
O qeyd edib ki, həmin vaxt Bakı da daxil olmaqla Azərbaycanın müxtəlif şəhər və kəndlərində günahsız insanlar qətlə yetirildi, əmlakları talan edildi və ən ağır işgəncələrə məruz qaldı:“Minlərlə soydaşımız öz doğma yurd-yuvasından silah gücünə didərgin salındı, deportasiya edildi. Erməni millətçiləri və terrorçuları regionda və dünyada yaranmış qarışıqlıqdan sui-istifadə edərək bütöv bir millətə qarşı açıq-aşkar soyqırımı törətdilər. Hətta uşaqlara, qocalara, xəstələrə, hamilə qadınlara belə rəhm etməyərək onları ağır işgəncələrlə öldürdülər. Bu danılmaz həqiqətdir ki, həmin dövrdə kütləvi qətllərə və qırğınlara bu və digər formada həmin dövrün Rusiyası da dəstək verirdi. Bolşevik cildinə bürünən Şaumyan, Mirzoyan, Mikoyan və digərləri daşnaklarla birlikdə Azərbaycanı qan gölünə çevirdilər. Tarix və dünya ictimaiyyəti isə bu baş verənlərə susur, hətta təəccüblü olsa da, erməniləri müdafiə edirdi. Onlara Azərbaycan torpaqları hesabına paytaxtı İrəvan olmaqla dövlət quruldu”.
Əli Orucov vurğulayıb ki, Moskvanın təhriki ilə ermənilər sonrakı dövrlərdə də azərbaycanlılara qarşı cinayət əməllərini davam etdirdilər: “Sovet imperiyasının süqutu ərəfəsində də fürsətdən istifadə edərək Azərbaycana silahlı təcavüz etdilər. Kremlin dəstəyi ilə keçmiş Dağlıq Qarabağda separatizm körükləndi, erməni silahlı dəstələri rus hərbçiləri ilə birlikdə torpaqlarımızın 20 faizini işğal etdi, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Yaşayış məskənləri, infrastruktur, müəssisə və obyektlər dağıdıldı, təbii sərvətlər talan edildi və ölkəmizə milyardlarla dollar ziyan vuruldu. Ermənilər havadarlarının dəstəyi ilə o qədər cəsarətlənmişdilər ki, yeni ərazi iddiaları ilə çıxış edirdilər. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalq–ordu birliyi sayəsində torpaqlarımız işğaldan azad edildi, haqq-ədalət bərpa olundu, ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin edildi. Xalqımıza və dövlətimizə qarşı cinayətlər törətmiş şəxslərin bir qismi zərərsizləşdirildi, bir çoxu isə Azərbaycan məhkəməsi qarşısında cavab verdi. Hesab edirəm ki, hələ də azadlıqda olan digər cinayətkarlar da gec-tez ədalət qarşısında cavab verəcəklər”.
Müsahibimiz onu da əlavə edib ki, müdrik lider Heydər Əliyevin 31 Mart tarixini Azərbaycanlıların Soyqırımı Günü kimi təsis etməsi xalqımızın qan yaddaşını qorumaq, keçmişimizi unutmamaq və dostla düşməni ayırd edə bilmək baxımından mühüm əhəmiyyət daşıyır: “Unutqanlıq isə yeni faciələrə zəmin yarada bilər. Bu gün Azərbaycan sülh gündəliyinə sadiqdir və regionun təhlükəsizliyi, inkişafı və inteqrasiyası üçün mühüm rol oynayır. Lakin yaşadığımız regionun reallıqlarını və xüsusilə erməni millətçiliyinin yaratdığı təhlükələri də heç vaxt unutmamalıyıq. Şübhəsiz ki, Ulu Öndər 26 mart 1998-ci il tarixli sərəncamı ilə məhz bu tarixi yaddaşı gələcək nəsillərə çatdırmağı qarşıya məqsəd qoymuşdu.”






İlk şərhi yaza bilərsiniz