Press "Enter" to skip to content

BAYRAQDAR MEDİA-nın 5 ilinə sözardı

Azər HƏSRƏT

BAYRAQDAR MEDİA – 5 il tarix üçün elə də uzun zaman ayrımı sayılmaz. Minillərin ötəsinə dayanan tarixdə 5 il bir zərrə qədərdir.

Amma kimin üçünsə, lap elə bizim üçün 5 il arxada buraxdığımız şərəfli bir tarixi mərhələdir.

Söhbət qurucusu və baş redaktoru olduğum BAYRAQDAR MEDİA-dan gedir.

Biz, şanlı qələbə ilə tarixə düşən 44 günlük Vətən savaşının ardından – 1 aprel 2021-ci ildə bu qurumu bayraqdar.info saytı olaraq Azərbaycana və dünyaya təqdim etmişdik.

Yadımdadır, müxtəlif şüarlar da düşünürdük ki, baş redaktor müavini, Əməkdar jurnalist Nadir Azəri dedi ki, bayraqdarıqsa, “Hər zaman öndə!” şüarımızdır. Təbii olaraq.

Eləcə də artıq bu gün 5 ili tamam olan bir mərhələni qapatdıq.

Biz qarşımıza qoyduğumuz məqsədlərə addım-addım çatdıq. Əlbəttə, bütün məqsədlərimizə çatmış sayılmarıq. Hələ görəcəyimiz işlər də var irəlidə…

Amma öncəliklər vardı ki, onlarla bağlı böyük uğurlar qazanmış sayılırıq.

Öncəliyimiz türk birliyinin sürətləndirilməsi, özəlliklə də Kuzey Kıbrıs Türk Cümhuriyyətinin də qardaş ölkələr ailəsinə alınmasına azacıq da olsa töhfə verməkdi. Həm də o zamankı KKTC Cümhurbaşqanı dəyərli Ersin Tatarın Azərbaycan və digər türk dövlətlərinə səfərlərini arzu edirdik.

Biz deməsək də diqqətli oxucu xatırlayacaq ki, bu arzumuz çin oldu ötən dönəmdə. Bir daha qeyd edirəm, bunun məhz bizə görə mümkün olduğunu iddia etmirik. Biz sadəcə informasiya məsələlərində boş dayanmadıq…

Əlavə olaraq qardaş KKTC ilə bağlı Azərbaycanda informasiya bolluğunun yaranmasına çalışırdıq ki, bu yöndə də artıq yetərincə işlər görülür. Hazırkı və daha öncəki KKTC təmsilçisi Ufuk Turganer, arada bir müddət də Mustafa Kemal bəyin çalışmaları ayrıca diqqətimizdə olub, olmağa da davam edəcək.

Qardaş Türkiyə ilə bağlı xüsusi olaraq danışmağa, əslində zərurət yoxdur. Çünki bu ölkədən dəyərli fikir adamları, yazarlar bizimlə iş birliyi edir, yazılar göndərir, şərhlər verirlər. Ki, bunlar da Azərbaycan-Türkiyə və bütövlükdə türk dünyası baxımından olduqca önəmlidir.

Əlbəttə ki, bizim Orta Asiya öncəliyimiz də bir başqadır. Ötən 5 ildə oralara da yetərincə açılmışıq, iş birliklərimiz yaranıb, yaxşı bir çalışma ortamındayıq.

Üstəlik Kərkük – Türkməneli, Batı Trakya, Balkan türkləri, Rusiyanın, Çinin və İranın işğalı atındakı türklər də BAYRAQDAR MEDİA-nın daim diqqətdə saxladığı, gündəmdən düşməyə qoymadığı mövzulardır.

BAYRAQDAR MEDİA bir də milli dəyərlərə, ədəbiyyat və sənətə xüsusi önəm verir. Biz saçyoldu xəbərlərindən qaçırıq, amma gerçək dəyəri olan sənətə hər zaman açığıq.

Ötən 5 ilimizin uğurlu başlayıb uğurlu davam etməsində, əlbəttə kadrların, bizimlə könüllü iş birliyi edənlərin böyük rolu vardır.

Bu baxımdan baş redaktorun müavini Əməkdar jurnalist Nadir Azəri, ilk illər bizimlə işləyən təcrübəli jurnalist Sevda Əskər, sonrakı mərhələdə komandamızın vazkeçilməz parçasına çevrilən Röya İsrafil, Sevil Akifqızı, Sənan Kazımoğlu, uyğur türkü Abdurehim Gheni Uygur, KKTC-dən dəyərli Prof. Dr. Ata Atun, Azərbaycanın və türk dünyasının sayğın aydınlarından olan Əkbər Qoşalı, Prof. Dr. Mehmet Yüce, pedaqoq, şair, yeni başlayan jurnalist Gözəl Azay, böyük Turan Yazganın əmanət oğlu, yolunun davamçısı Közhan Yazgan, Dr. Şəmil Sadiq, Dr. Yücel Karauz, pedaqoq, ssenarist, şair və yazar Şəbnəm Tofiqqızı, uluslararası ilişkilər uzmanı Mehmet Gökhan Özçubukçu və daha kimlər bizim üçün yazdı və yazır. Yəni BAYRAQDAR MEDİA bu qədər rəngarəng bir yazarlar ordusu ilə yoluna davam edir.

5 ilin tamamında bizimlə işbirliyi edən və etmiş hər kəsə təşəkkürlərimi bildirirəm. Doğrudan da sizin qələminiz BAYRAQDAR MEDİA-nın öz hədəflərinə doğru yürüşündə əvəzedilməz yer aldı, almağa da davam edir.

Sonda onu da ayrıca qeyd edim ki, xırda cinayət xəbərləri, dedi-qodular, “şok” xəbərlər heç vaxt bizim platformada yer almadı. Bundan sonra da almayacaq. Biz şəxsləri müzakirə etmədik, milli və dövlət maraqlarını öncəliyə çevirdik, cəmiyyətin ümumi problemlərinə güzgü tutmağa çalışdıq. Yəni ciddi olduq. O baxımdan bizi izləyənlərin sayı, ola bilsin ki, müqayisədə az görünsün. Amma onların üstün keyfiyyəti sorğu mövzusu belə deyil. Kəmiyyət deyil, keyfiyyətə üstünlük verdik, belə də davam edəcəyik.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.