BAYRAQDAR MEDİA – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tərəfindən 2026–2027-ci tədris ili üzrə abituriyentlərin məlumatlandırılmaları məqsədilə maarifləndirici tədbirlərə başlanılıb. Bu çərçivədə növbəti görüş Bakı şəhərinin Pirallahı rayonunda yerləşən 168 nömrəli tam orta məktəbdə təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aİİ-nin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tədbirdə məktəbin yuxarı sinif şagirdləri, müəllimlər və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov iştirakçıları salamlayaraq, bu səpkili maarifləndirici görüşlərin gənclərin düzgün ixtisas seçimi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycanda gənclərin təhsilinə göstərilən dövlət qayğısından bəhs edib, onların savadlı və milli-mənəvi dəyərlərə bağlı vətəndaş kimi yetişmələrinin vacibliyini nəzərə çatdırıb”.
Sonra xəbərdə, “Aİİ İlahiyyat fakültəsinin dekanı, Dos. Elnurə Əzizova Azərbaycanda dövlət–din münasibətlərinin inkişafı istiqamətində görülən işlərdən bəhs edib. Din sahəsinə göstərilən diqqət və qayğının, milli-mənəvi dəyərlərin qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu söyləyib” deyə bildirilir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.






İlk şərhi yaza bilərsiniz