Press "Enter" to skip to content

Türk dünyasını birləşdirən min illik oyun

Senan KAZIMOĞLU

BAYRAQDAR MEDİA – Dünyanın müxtəlif bölgələrinə yayılmış türk milləti, atalarından gələn mədəniyyətini bu günə qədər yaşatmışdır. Bunların içərisində min ildən artıqdır oynanan uşaq oyunlarımız da var. Bu gün həmin oyunlardan birindən bəhs etmək istəyirəm.

Oyun haqqında, türk dilinin bu günə qədər gəlib çatmış ilk ensiklopediyası və lüğəti sayılan “Divanü lüğət-it-türk”də də məlumat verilir. Qaşqarlı Mahmud tərəfindən 1072–1074-cü illər arasında yazılmış bu əsərdə oyundan “təpük” adı ilə bəhs olunur. “Təpük” sözünü fel kimi götürdükdə “təpmək, vurmaq, təpik vurmaq” mənasını verir.

Bu səbəbdən bəzi tədqiqatçılar bu oyunu futbolun atası kimi qəbul etsələr də bu, doğru fikir deyil. Bəli, təpük oyunu ayaqla təpməklə oynanır, lakin Qaşqarlı Mahmudun oyun aləti haqqında verdiyi məlumatlara diqqətlə baxdıqda, topun yuvarlaq deyil, yastı formada olduğunu görürük.

Bundan əlavə, Qaşqarlı Mahmud, adından da göründüyü kimi, bu gün Doğu Türkistanın Qaşqar bölgəsindəndir. Bu gün də orada uyğur türkləri arasında eyni oyun “təpgüc” adı ilə oynanmaqdadır.

Oyun alətindən bəhs edəcək olsaq, qoyun və ya keçi yununun üzərinə, bəzən də keçə parçasının üstünə sərt bir cisim bağlanır. Çox vaxt isə qurğuşun əridilərək tökülür və bu şəkildə hazırlanır. Daha sonra həmin sərt cismin üzəri yun və ya keçə ilə örtülür. Bu gün uyğur türkləri bunu daha çox xoruz və toyuq lələyindən hazırlayırlar, qazax və qırğızlarda isə bəzən at, dəvə və ya iribuynuzlu heyvan dərisindən də hazırlandığı görülür.

Oyun bu hazırlanmış alət ayağın iç və ya kənar hissəsi ilə yerə düşürülmədən havada vurularaq oynanılır. Oyun alətini yerə salmadan ən çox vuran oyunçu qalib sayılır. Oyun iki nəfər arasında oynanıla bildiyi kimi, komanda şəklində də oynanıla bilər.

Türk dünyasının bir çox bölgəsində oynanan bu oyunun müxtəlif adları var. Qazaxıstan və Qırğızıstanda “langi”, Özbəkistan və Krımda “lanka”, Türkmənistanda “leneç”, Azərbaycanda isə “çiləmə” və ya “çilədi”, hətta bəzi bölgələrdə “lənkə” kimi tanınır. Türkmənistan və Qırğızıstanın bəzi bölgələrində “para” adı ilə də bilinir. Bu mövzuda diqqət çəkən məqamlardan biri də odur ki, türk millətinə məxsus olan bu oyun Koreyalılar tərəfindən də “jaegi chagi” adı ilə tanınır və oynanılır. Bu isə türk və Koreya mədəniyyətlərinin bir-birinə yaxın olmasının göstəricisidir.

Uşaq oyunlarının belə ortaq olduğu bir milləti bir-birindən ayrı görmək, məncə, bu millətə edilə biləcək ən böyük xəyanətdir. Həmişə deyirəm və yenə deyəcəyəm: türk milləti hazırda qırıq qol kimidir. Bu qırıq qolu düzəltmək üçün əlavə bir şey etməyə ehtiyac yoxdur. Sən sadəcə gipsi düzgün qoy, sümüklər onsuz da bir-biri ilə birləşəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.