BAYRAQDAR MEDİA – Aprelin 7-si Azərbaycanın mətbuat tarixində xüsusi yer tutan “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasından 120 il il ötür.
Bu barədə BAYRAQDAR MEDİA-ya məlumat verən tanınmış tarixçi, araşdırmaçı Dilqəm Əhməd qeyd edib ki, Ömər Faiq Nemanzadə ilə Cəlil Məhəmmədquluzadənin ortaq əsəri olan “Molla Nəsrəddin” jurnalı Azərbaycan mətbuat tarixində həm fərqli iz qoymuş, həm də uzun müddət davam etmiş bir orqandır: “Bu jurnal bu gün də dünyada xarici tədqiqatçıların diqqətini çəkən nadir mətbu nümunələrimizdən biridir. Jurnal öncəliklə satirik yolla tənqidi yol seçdiyi üçün əhəmiyyətlidir. Jurnalın mövzularına, karikaturalarına baxsaq, görərik ki, bir tərəfdən dövrün Şərq hökmdarlarının əməlləri tənqid edilir, digər tərəfdən xalqı öz hegemoniyası altında saxlamaq istəyən din xadimləri hədəfə tuş gəlir. Dövrü analiz edən biri kimi açıq deyə bilərəm ki, din xadimlərinin nüfuzunu qırmağın başqa yolu yox idi”.
O vurğulayıb ki, Əhməd Ağaoğlunun mühacirətdə Müəllim Cövdətlə bağlı yazdığı məqaləni oxusaq, yanında silahlı fədailəri ilə gəzən din xadimlərinin necə böyük nüfuza sahib olduqlarını görərik: “Onlar mövcud avtoritarlıqlarını qorumaq üçün Əhməd bəy kimi insanlara da gözdağı vermək istəyiblər. Hətta onun haqqında fətva da çıxarıblar. Ona görə də açıq deməliyik ki, Sovet dövründəki nüsxələri istisna olmaqla “Molla Nəsrəddin”in məqsədi birbaşa İslamı hədəf almaq deyildi, əksinə, Ömər Faiq və Mirzə Cəlil İslam üzərində iqtidar quran bu avtoritar şəxslərin aydınlanmanın qarşısını aldıqlarını düşünüb onların üzərinə hücum ediblər. Bu jurnal həm də bir sənətkarlıq nümunəsidir. Xarici və yerli rəssamların karikaturaları o dövr üçün misilsiz hadisədir, bu gün də tədqiqatçıların diqqətini çəkir. “Molla Nəsrəddin” sərt idi, amma xalqı aydınlatmaq üçün bəzən mötədil yanaşmalara da ehtiyac olur, bəzən radikal addımlara da. Ona görə də Ömər Faiqlə Mirzə Cəlilin bu ortaq əsərinə dövrün xarakterik xüsusiyyəti kimi baxmaq gərəkdir”.






İlk şərhi yaza bilərsiniz