Ali Pilli: KKTC-də bütün sahələrdə əldə edilən uğurlarda UBP-nin, bu partiyanın formalaşdırdığı hökumətlərin payı var
BAYRAQDAR MEDİA – “Ulusal Birlik Partiyası (UBP) KKTC-nin ən qədim, ən təcrübəli və ən milli dəyərlərə bağlı siyasi qüvvələrindən biridir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsi zamanı Ulusal Birlik Partiyasının millt vəkili, keçmiş səhiyyə naziri Ali Pilli deyib.
O, qeyd edib ki, UBP KKTC tarixində ən yaddaqalan uğurlara imza atıb: “KKTC-də bütün sahələrdə əldə edilən uğurlarda UBP-nin, bu partiyanın formalaşdırdığı hökumətlərin payı var. Mən özüm də pandemiya dövründə bu partiyanın təmsilçisi kimi səhiyyə naziri vəzifəsində çalışmışam. Həmin dövrdə ölkə olaraq çətin bir sınaqdan uğurla çıxdıq və bu, bizim üçün böyük təcrübə oldu”.
A.Pilli hesab edir ki, Ulusal Birlik Partiyası heç vaxt siyasi səhnədən çəkilməyəcək: “Ola bilər ki, müəyyən dövrlərdə müəyyən çətinliklər yaşansın, lakin UBP qısa müddətdən sonra yenidən öz gücünü bərpa edərək ölkənin aparıcı qüvvəsinə çevrilir. Çünki bu partiya KKTC-nin siyasi həyatında bir növ lokomotiv rolunu oynayır və onsuz bu sistemin tam işləməsi çətindir. Eyni zamanda, dediyim kimi, həyata keçirilən bir çox layihələr və investisiyalar da məhz bu siyasi xəttin davamı kimi formalaşıb. Bu proseslərdə ana vətənimiz Türkiyənin dəstəyi daim hiss olunub. Bu gün isə qardaş Azərbaycan tərəfindən göstərilən diqqət və dəstək də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan hökumətinin bizi rəsmi tədbirlərə dəvət etməsi, çıxış imkanı yaratması və siyasi səviyyədə göstərilən münasibət çox dəyərlidir. Bunun ardınca iqtisadi əməkdaşlıq istiqamətində də addımlar atılır, qarşılıqlı səfərlər həyata keçirilir və yeni imkanlar açılır. Bütün bunları nəzərə alaraq demək olar ki, Ulusal Birlik Partiyası öz mövqeyini qoruyub saxlayacaq və fəaliyyətini davam etdirəcək. Eyni zamanda inanırıq ki, türk dünyası da güclənərək yoluna davam edəcək”.






İlk şərhi yaza bilərsiniz