Press "Enter" to skip to content

SN ilk dəfə portativ stomatoloji qurğu tətbiq edib

SN ilk dəfə portativ stomatoloji qurğu tətbiq edib

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi (SN) işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində kompleks tibbi müayinələr və sağlam həyat tərzinin təşviqi istiqamətində maarifləndirici tədbirləri davam etdirir. Bu məqsədlə növbəti aksiya 10 aprel tarixində Ağdərə rayonunda uğurla keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “aksiyanı SN-in təşkilatçılığı ilə Azərbaycan Tibb Universiteti (ATU) Tədris Stomatoloji Klinikasının həkim briqadası həyata keçirib. Həkimlər həm yerli əhalini, həm də “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağın bərpasında fəaliyyət göstərən mütəxəssisləri müayinə edərək onlara konsultativ tibbi xidmət göstəriblər.
Aksiya çərçivəsində ilk dəfə olaraq tibbdə inqilabi yenilik sayılan BPR Swiss-in SMART-PORT portativ stomatoloji qurğusu tətbiq olunub. Bu müasir qurğu məktəblərdə, qocalar evlərində və səyyar müayinələrdə yüksək keyfiyyətli stomatoloji xidmət göstərməklə, vətəndaşların klinikaya getmək ehtiyacını azaldır və müalicəyə çıxışı daha da asanlaşdırır. SMART-PORT-un fasiləsiz işləmə xüsusiyyəti, tez quraşdırılması və çoxfunksiyalı alətləri (mikromotor, skaler, üçfunksiyalı şpris) müalicə imkanlarını genişləndirir”.

Ardınca xəbərdə deyilir ki, “Ağdərə sakinləri səyyar şəraitdə bu portativ qurğu vasitəsi ilə tam stomatoloji xidmət alıblar. Tam avtonom iş rejimi və fasiləsiz işləmə imkanı sayəsində müalicələr daha sürətli və rahat aparılıb, vətəndaşların vaxtına qənaət olunub. Aksiyanın əsas məqsədi sakinlərin ağız boşluğunun vəziyyətinin qiymətləndirilməsi, müxtəlif stomatoloji patologiyaların erkən aşkarlanması, profilaktik tədbirlərin həyata keçirilməsi və vətəndaşlara geniş konsultativ tibbi xidmətlərin göstərilməsi olub”.

Xəbərdə eləcə də qeyd olunur ki, “ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru İmran Ağayevin rəhbərliyi altında stomatoloq-terapevt, ortodont, ortoped, cərrah və uşaq stomatoloqu daxil olmaqla klinikanın geniş həkim briqadası əhalinin ətraflı müayinəsini həyata keçirib. Ümumilikdə, aksiyada 140-a yaxın vətəndaş tibbi müayinədən keçib, müvafiq müalicə prosedurları aparılıb, erkən diaqnostika və profilaktik konsultasiyalar təmin edilib. Bu təşəbbüs “Böyük Qayıdış” proqramının regionlarda həyat keyfiyyətinin artırılması, sağlamlıq xidmətlərinə çıxışın genişləndirilməsi və yerli əhalinin rifahının yaxşılaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.