BAYRAQDAR MEDİA – Aprelin 25-i saat 12:00-da Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında gənc rejissor Ayla Osmanovanın quruluşunda Pamela Treversin “Meri Poppins” nağılı əsasında hazırlanan eyniadlı tamaşasının premyerası keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “birhissəli səhnə əsərinin quruluşçu rəssamı Nisə Həsənova, musiqi tərtibatı Aygül Quliyeva, rejissor assistenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir. Tamaşada Aydan Həsənzadə, Xaliq Bəkirov, Zemfira Əbdülsəmədova, Elşən Şıxəliyev, Zümrüd Quliyeva, Xəyalə Qasımova, Hüseyn Bayramov iştirak edirlər”.
Sonra xəbərdə, “Meri Poppins heyvanların və quşların dilini başa düşür, bir çox heyrətamiz sirləri bilir və hətta uçmağı da bacarır. O, nağıl qəhrəmanlarını özünün sehirli dünyasına aparır, müxtəlif sirli məkanlarda gəzdirir. Müəllif Merinin simasında uşaqlarla səmimi olmağı, onların kövrək dünyasına səyahəti təqdim edir” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz