BAYRAQDAR MEDİA – Cari ilin 3 ayı ərzində Energetika Nazirliyi (EN) və tabeli qurumlara ümumilikdə 3 min 859 vətəndaş müraciəti daxil olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “müraciətlərin 487-si məlumat, 3 min 372-si isə icra xarakterli olub. Bunlardan 2 min 937-si müvafiq qaydada icra edilib, 435 müraciət isə icradadır. Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, elektrik enerjisinin keyfiyyəti və verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik veriliş xəttinin mühafizə zonasının pozulması və kabelləşmə, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, qəbula yazılmaq, kadr məsələləri, icazələr və digər mövzuları əhatə edib”.
Qeyd edək ki, hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 134 vətəndaş qəbul edilib və qəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.






İlk şərhi yaza bilərsiniz