Press "Enter" to skip to content

Qoç döyüşünə qoç dayanar

Nadir Azəri

Yaxud, övladlarıma təbrik əvəzi

BAYRAQDAR MEDİA – “Qoç döyüşünə qoç dayanar”. Uşaqlıqdan eşitdiyimiz bu kəlamın dərinliyinə bəlkə də o zamanlar varmırdıq. Amma zaman keçdikcə, həyatın enişli-yoxuşlu yollarında addımladıqca, bəzən iti, kəsici daşların üzərinə ayaqyalın çıxmağa məcbur qaldıqca, bəzən o daşların ayağımızı yaraladığını hiss etdikcə, bəzən də həyatın tikanlarının canımıza batdığı anlarda anlayırıq bu sözün əsl mənasını.

Deməli, belə nəticəyə gəlirik ki, həyat bir qoçdursa, onun zərbələrinə qarşı sən də bir qoç kimi möhkəm dayanmalısan. Güclü olmalısan, sınmamalısan, geri çəkilməməlisən.

Əziz övladlarım, yazıma bu ifadə ilə başlamağım təsadüfi deyil. Ötən həftə hər ikinizin ad günü oldu və düşündüm ki, adi təbrik sözləri yazmaq əvəzinə, həyat yolunuzda sizə istiqamət verəcək, yadda qalacaq bir neçə kəlmə yazım. Həm də axı, siz ikiniz də Qoç bürcündə doğulmusunuz.

Bəli, həyatın keşməkeşli, ağrılı, eyni zamanda imtahanlı anlarını topladıqda o, sanki güclü bir rəqibə – bir qoça bənzəyir. Onun qarşısında dik durmaq üçün isə insanın özü də güclü olmalıdır – bir qoç kimi…

Siz artıq bu gücü göstərmisiniz. İllərdir Türkiyədə ali təhsil aldığınız müddətdə həyatın ən çətin sınaqlarından üzüağ çıxmısınız. Bəzən maddi çətinliklər yaşamısınız, bəzən istədiyiniz şeylərdən məhrum olmusunuz, bəzən ürəyiniz istədiyi halda müəyyən məclislərdən uzaq durmusunuz. Amma bütün bunlara baxmayaraq, heç vaxt yolunuzdan dönməmisiniz.

Ən önəmlisi isə budur ki, bu günə qədər valideynlər olaraq bizim başımızı aşağı etməmisiniz. Sizdən heç vaxt pis xəbər almamışıq. Əksinə, hər zaman bizə qürur bəxş etmisiniz. Buna görə sizə sonsuz təşəkkür edirəm. Sizinlə fəxr edirik.

Demək istəyirəm ki, həyatda nə ilə qarşılaşsanız da, unutmayın: qoç döyüşünə qoç dayanar. Bundan sonra da hər zaman möhkəm dayanın, dürüst olun, vicdanlı olun və heç vaxt öz yolunuzdan dönməyin.

Bu günə kimi uşaqlıq, orta məktəb və ali təhsil illəri həyatınızda silinməz izlər buraxdı. Qarşıda isə həyatınızda tamamilə yeni bir mərhələ başlayır. Artıq siz ali təhsilli gənclər olaraq həm öz həyatınızın yeni pillələrini quracaq, addım-addım yüksələcək, həm də dövlətimizə, xalqımıza layiqli xidmət göstərəcəksiniz. Əminəm ki, bu günə qədər sərgilədiyiniz mövqe – dövlətə, torpağa, Vətənə və Türk dünyasına olan bağlılığınız bundan sonra da sizin yolunuza işıq salacaq. Siz bundan sonra da inamla, şərəflə və vicdanla addımlayacaqsınız.

İnanıram ki, biz həyatda olduğumuz müddətdə sizin uğurlarınızla qürur duyacağıq. Gün gələr biz aranızda olmasaq belə, ruhumuz sizin qazandığınız hər bir uğurla sevinəcək, hər bir nailiyyətinizlə fəxr edəcək.

Mission News Theme by Compete Themes.