Press "Enter" to skip to content

ESRENK toplantısında mühüm qərarlar qəbul olunub

İclasdan foto

Mədəniyyət, incəsənət və beynəlxalq proqramlar gündəmdə

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, 2026-cı ilin əvvəlində Türkiyənin Eskişehir şəhərinin sosial-iqtisadi gələcəyinə yönəlmiş genişmiqyaslı vətəndaş cəmiyyəti təşəbbüsü rəsmi şəkildə fəaliyyətə başlayıb. Şəhərdə fəaliyyət göstərən bir sıra dərnək və fondlar “Uluslararası Eskişehir’in Renkleri Platformu” adı altında vahid çətir altında birləşiblər.

“Eskişehirin Rəngləri” dünyaya boylanır

Tanınmış ictimai xadim Oral Büyüksarının rəhbərlik etdiyi Eskişehir Rəngləri (ESRENK) Platforması bu günlərdə yenidən toplanıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya ESRENK Platformasından məlumat verilib.

Çoxsaylı mövzular müzakirə olunub, vəzifə bölgüsü aparılıb

Məlumatda deyilir ki, Emirdag Platformasının ofisində keçirilən geniş tərkibli toplantıda çoxsaylı mövzular müzakirə olunub: “İclasda platformanın fəaliyyəti, mədəni tədbirlər, beynəlxalq təşkilatlar və təhsil layihələrinə qədər geniş gündəm müzakirə edilib. Fərqli dərnək, fond və platforma nümayəndələrinin iştirak etdiyi toplantıda birgə fəaliyyətlərin inkişafına yönəlik mühüm qərarlar qəbul olunub”.

Məlumata əsasən, toplantının ilk hissəsində ESRENK Platformasının institusional fəaliyyəti nəzərdən keçirilib ə vəzifə bölgüsü aparılıb: “ Edilən dəyişikliklə Platformanın daha effektiv və koordinasiyalı şəkildə fəaliyyət göstərməsi hədəflənib. Beləliklə, müəyyən olunan vəzifələr və şəxslər bu cür sıralanıb: “Başqan Oral Büyüksarı, Koordinasiya: Dr. İbrahim Yıldırım, Katiblik: Hikmət Güvən, Mətbuat və ictimaiyyətlə əlaqələr: Suat Arabacı, İqtisadi məsələlər: İbrahim Eldem, Xarici əlaqələr: Əczaçı Cavid Aydın – Mehmet Eser, Mədəniyyət və incəsənət: Mustafa Gökçe, Adnan Yücesan, Rukiye Özdemir. Platformanın idarə heyətində isə Oral Büyüksarı ilə yanaşı Dr. Sırrı Kabadayı, Habib Umutoğlu, Fadimə Uzun və Cevdet Kılıç yer alıb”.

Mədəni tədbirlər genişləndiriləcək

Məlumata əsasən, toplantıda mədəniyyət və incəsənət fəaliyyətləri çərçivəsində yeni layihələr də gündəmə gətirilib: “ESRENK nəzdində xor kollektivinin yaradılması və “O Ses ES-ES” adlı musiqi müsabiqəsinin təşkili qərara alınıb”.

Dünya Eskişehirlilər Günü üçün hazırlıq və yerli irsin qorunması

Toplantıda qəbul edilən mühüm qərarlardan biri də 2 iyun 2026-cı il tarixində qeyd olunacaq “Dünya Eskişehirlilər Günü” ilə bağlı olub. Məlumata görə, bu münasibətilə genişmiqyaslı konsert və tədbirin təşkili planlaşdırılıb. Tədbir üçün Tepebaşı Amfiteatrının dəyərləndirilə biləcəyi bildirilib”.

Həmçinin, toplantıda Eskişehirə məxsus mədəni dəyərlərin qorunması və tanıdılması məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsi qərara alınıb. Bu çərçivədə Mədəniyyət və İncəsənət Komissiyasının aktiv rol oynayacağı bildirilib.

Mühüm qərarlar qəbul edilib
Mühüm qərarlar qəbul edilib

Bundan başqa, təhsil və idman fəaliyyətləri də müzakirə mövzusu olub. Məhəllələrarası idman turnirlərinin təşkili və Milli Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində mədəni müsabiqələrin keçirilməsi qərara alınıb. Bu fəaliyyətlərlə Eskişehirin mədəni və sosial tanıdılmasına töhfə verilməsi məqsəd qoyulur.

Azərbaycana səfər gündəmdədir

Platformanın məlumatında o da qeyd edilib ki, toplantının mühüm mövzularından biri beynəlxalq proqramlar olub: “ESRENK platforması müxtəlif ölkələrdə keçiriləcək tədbirlərdə iştirak və təşkilati planları müzakirə edib. Bu məsələdə Azərbaycan ön sırada dayanır. Belə ki, 12-16 sentyabr tarixlərində Bakı səfəri nəzərdə tutulub. Eyni zamanda, 26–28 iyun tarixlərində London işgüzar səfəri və Türk Günü tədbiri, oktyabr ayında Brüssel proqramı, həmçinin, tarix bəlli olmasa da Almaniyaya (Köln–Frankfurt) iş və turizm səfəri planlaşdırılıb. Bu tədbirlər üçün valilik və aidiyyəti qurumlarla koordinasiyanın təmin olunacağı qeyd edilib”.

Toplantıda həmçinin İstanbulda keçirilməsi planlaşdırılan proqramlarla bağlı İstanbul Böyükşəhər Bələdiyyəsinin Turizm İdarəsi ilə əlaqə yaradılması qərara alınıb. Bu çərçivədə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsəd qoyulur.

Turizm potensialına xidmət edən festivallar gündəmdədir

Qeyd edək ki, toplantıda Eskişehirin mühüm turizm bölgələrindən olan Yazılıkaya və Frig Vadisi üçün festivalın təşkili məsələsi müzakirə edilib. Bölgənin turizm potensialının artırılması məqsədilə müxtəlif layihələrin hazırlanması planlaşdırılır. Bölgə üzrə sahə analizlərinin aparılacağı və geniş hesabatın hazırlanacağı bildirilib.

Nizamnamə və razılaşma mətni hazırlanacaq

Toplantıda qəbul edilən digər mühüm qərar isə Platformanın daha güclü strukturlaşması ilə bağlı olub. Bu çərçivədə nizamnamə və razılaşma mətninin hazırlanacağı bildirilib.

Mission News Theme by Compete Themes.