Press "Enter" to skip to content

Ulusal Birlik Partiyası toparlanmalı və yenidən güclənməlidir

Resmiye Eroğlu Canaltay

Resmiye Eroğlu Canaltay: Çünki bu partiya təkcə bir siyasi təşkilat deyil, həm də ölkənin siyasi tarixində mühüm rola sahibdir

BAYRAQDAR MEDİA – “Açıq demək lazımdır ki, Ulusal Birlik Partiyası (UBP) artıq əvvəlki güclü dövrlərindən keçmir. Son illərdə həm partiya daxilində, həm də ölkə daxilində müəyyən problemlər yaranmışdı və bu problemlər ciddi xarakter almağa başlamışdı. Əslində bəzi dəyişikliklər daha əvvəl edilməli idi, amma gecikdik”.

Bunu BAYRAQDAR MEDİA-ya KKTC-Türkiyə Parlament Dostluq Qrupunun rəhbəri Resmiye Eroğlu Canaltay deyib.

KKTC-nin hakim partiyası olan UBP-nin yaradıcısı və keçmiş baş nazir Derviz Eroğlunun qızı olan Resmiye xanım partiyanın mövcud durumu və gözlənilən addımlar barədə sualımızı cavablandırıb.

Partiya intizamına böyük önəm verən bir insan olduğunu deyən müsahibimiz hər zaman UBP-ni müdafiə etdyini vurğulayıb: “Bununla belə, indiki vəziyyət bizi tam qane edən bir durum deyil. Partiya daxilində hər kəs problemlərin fərqindədir. Biz öz tənqidlərimizi də açıq şəkildə, hətta bəzən sərt formada bildiririk. Amma mən özümü heç vaxt partiyaya qarşı müxalifət kimi görmürəm. Əksinə, bu partiyaya uzun illər xidmət etmiş bir ailənin üzvü kimi, onun daha güclü gələcəyi üçün fikirlərimi bildirirəm”.

Resmiyə Eroğlu Canaltay daha sonra “Bizim üçün əsas məsələ partiyanı zəiflətmək deyil, onu toparlamaqdır. Çünki bu partiya təkcə bir siyasi təşkilat deyil, həm də ölkənin siyasi tarixində mühüm rola sahibdir. Şəxslər gəlib-gedicidir, səhv edənlər ola bilər, amma əsas olan partiyanın ayaqda qalması və güclənməsidir” deyib.

Müsahibimiz əlavə edib ki, əgər yalnız kənardan tənqid edilərsə, bu, parçalanmaya gətirib çıxara bilər: “Ona görə də məqsədimiz konstruktiv yanaşma ilə partiyanı daha da gücləndirməkdir. İnanıram ki, qarşıdakı dövrdə bu istiqamətdə müsbət nəticələr əldə olunacaq”.

Mission News Theme by Compete Themes.