BAYRAQDAR MEDİA – Atatürk Universitetinin rektoru Prof. Dr. Ahmet Hacımüftüoğlu Özbəkistanın paytaxtı Daşkənddə keçirdiyi görüşlər çərçivəsində dərman istehsalı, biotexnologiya və səhiyyə elmləri sahələrində beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addımlar atıb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumatda deyilir ki, Türkiyənin Daşkənddəki səfiri Ufuk Ulutaş və Özbəkistan Farmakologiya və Əczaçılıq Sənayesini İnkişaf Agentliyinin direktoru Abdullah Azizov ilə keçirilən görüşlərdə iki ölkə arasında strateji əhəmiyyət daşıyan sahələrdə konkret əməkdaşlıq məsələləri müzakirə olunub: “Görüşlər zamanı Atatürk Universitetinin rəhbərliyi ilə həyata keçirilən yerli və milli dərman istehsalı layihələri ətraflı şəkildə təqdim edilib. Xüsusilə yaxın zamanda təməli qoyulacaq Dərman Xammalı Mərkəzi və fəaliyyətə başlayan Dərman, Peyvənd və Biotexnologiya İnstitutunun Türkiyənin səhiyyə sahəsində xarici asılılığını azaltmaq baxımından mühüm rol oynayacağı vurğulanıb. Rektor bu qurumların yalnız milli deyil, beynəlxalq səviyyədə də əməkdaşlıqlara imkan yaradacağını bildirib”.
Rektor qeyd edib ki, dünya dərman bazarı əsasən ABŞ və Çin kimi ölkələrin nəzarətindədir və bu sahədə rəqabət aparmaq üçün güclü tərəfdaşlıqlar vacibdir. O, xüsusilə Türk dövlətləri ilə qurulacaq strateji əməkdaşlıqların regional gücü qlobal səviyyəyə çıxara biləcəyini vurğulayıb.
Keçirilən görüşlərin nəticəsində dərman istehsalı, xammal təminatı, biotexnologiya və elmi tədqiqat sahələrində ortaq layihələrin hazırlanması barədə mühüm razılıq əldə olunub. Tərəflər yaxın dövrdə texniki işlərin sürətləndirilməsi və konkret layihələrin həyata keçirilməsi üçün mütəmadi əlaqənin davam etdirilməsinə qərar veriblər.






İlk şərhi yaza bilərsiniz