BAYRAQDAR MEDİA – Türkiyədə 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer arasında görüşlər keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin (EN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “A.Bayraktarla olan görüşdə qlobal enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatının təminatında Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının roluna toxunulub. Qaz təchizatı sahəsində mövcud vəziyyət dəyərləndirilib. Həmçinin “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji interkonnektor layihələrinin inkişafı nəzərdən keçirilib. Proseslərin sürətləndirilməsi razılaşdırılıb. Söhbət zamanı “Azərbaycan-Türkiyə Enerji Forumu”nun növbəti iclasının il ərzində Azərbaycanda keçirilməsi də müzakirə edilib”.
Daha sonra xəbərdə, “B.Kumerlə görüşdə isə ikitərəfli enerji əlaqələrinin inkişafından məmnunluq ifadə edilib. Sloveniyaya Azərbaycandan qaz tədarükünün davam etdirilməsi imkanları, potensial istiqamətlər üzrə əməkdaşlıq perspektivləri və qarşılıqlı məsləhətləşmələrin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb” deyə qeyd edilir.
Sloveniya tərəfi “Bakı Enerji Həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə geniş tərkibdə iştiraka dəvət olunub.





