Press "Enter" to skip to content

“Ağ general”ın qaranlıq üzü: Skobelev

Senan KAZIMOĞLU

BAYRAQDAR MEDİA – Bu yaxınlarda türk dünyası tələbələri ilə bir kino izləmə tədbiri təşkil etdik. Filmimiz qırğız kinosunun son illərdə diqqət çəkən nümunələrindən biri olan və türk dünyasının qadın qəhrəmanlarından Kurmancan Datkanın həyatından bəhs edən “Kurmancan Datka: Dağların kraliçası” filmi idi. Niyyətim filmi izah etmək deyil; lakin filmdə adı çəkilən bir rus generalı diqqətimi çəkdi. Generalla bağlı araşdırma aparmağa başladım və heyrətə gəldim: bu general həyatının bütün müharibələrini türklərə qarşı aparmışdı. Rusların “Ağ general”, türkmənlərin isə “Qanlı gözlər” adlandırdığı bu caninin adı Mixail Dmitriyeviç Skobelevdir. Bu adı bəlkə eşitməmisiniz, lakin döyüşdüyü cəbhələr və törətdiyi qətliamlar bütün türk dünyasında məlumdur.

İfrat dərəcədə slav irqçiliyi ilə tanınan Skobelev, 29 sentyabr 1843-cü ildə Sankt-Peterburqda anadan olmuşdur. Türküstanda türk xanlıqlarının işğalında birbaşa iştirak edən Skobelev 1876-cı ildə Kokand xanlığının Rusiyaya ilhaqı və Fərqanəyə çevrilməsi prosesində yer almışdır. Daha sonra Rusiya imperiyası tərəfindən Fərqanənin ilk rus valisi təyin edilmişdir. Türkistanda türklərə qarşı ağır zülmlər törədən bu şəxs, etdiyi vəhşiliklərə görə rus çarı tərəfindən mükafatlandırılmış və bu dəfə Balkanlarda Osmanlı dövləti ilə müharibəyə göndərilmişdir.

Mixail Dmitriyeviç Skobelev, türk tarixində “93 hərbi” kimi tanınan 1877–1878 Osmanlı-Rusiya müharibəsində bilavasitə iştirak etmişdir. Bu müharibədə rus komandanlarından biri olan Skobelev, Ziştovi döyüşü, Şıpka keçidi döyüşləri, Lofça döyüşü və Plevnə müdafiəsi zamanı ön cəbhədə türklərə qarşı vuruşmuşdur. Türkistanda törətdiyi qətliamların oxşarını Balkan türklərinə qarşı da tətbiq edən Skobelev, İstanbulun Yeşilköy bölgəsinə qədər irəliləyən rus ordusunun komandanları arasında olmuşdur. İşğal edilən şəhərlərdə qiymətli əşyaları talan edən, əsir götürdüyü və ya qətlə yetirdiyi insanların mallarını qarət edən bu şəxs, əldə etdiyi qənimətlərlə böyük sərvət sahibi olmuşdur.

Balkanlardakı fəaliyyəti də Rusiya çarlığı tərəfindən müsbət qarşılandıqdan sonra Skobelevin növbəti hədəfi Təkə türkmənləri olmuşdur. Müasir Türkmənistan ərazisinin işğalı üçün vəzifələndirilən Skobelev burada da günahsız insanların qanını tökməkdən çəkinməmişdir. Türkmənistan tarixinin ən böyük qətliamlarından biri sayılan Göytəpə döyüşünün rus komandanı olan Skobelev, döyüşlə əlaqəsi olmayan mülki insanlara belə aman verməmişdir. Qalanı bomba ilə partlatdıqdan sonra səhraya qaçan, əksəriyyəti qadın və yaşlılardan ibarət insanları təqib etmək üçün rus süvarilərini göndərmiş və onların hamısını qətlə yetirtmişdir. Vadi türkmənlərin cəsədləri ilə dolmuşdur. Bu qətliam o qədər böyük və qeyri-insani idi ki, rus tarixçiləri belə çox vaxt bu hadisənin üstündən səssizcə keçirlər.

Göytəpədən altı gün sonra Aşqabad işğal edildi. Şəhərin işğalı zamanı Mixail Skobelevin əmri ilə 10 yaşından yuxarı bütün türkmən kişiləri amansızlıqla qılıncdan keçirilmişdir. Skobelev türk millətinə qarşı o qədər böyük nifrət bəsləyirdi ki, Təkə türkmənləri haqqında dediyi bu söz məşhurdur: “Təkə türkmənləri yer üzündə qara ləkədir və bu ləkə məhv edilməlidir”.

Törətdiyi qətliamlar və işğallardan sonra Rusiya imperiyası tərəfindən mükafatlandırılan Mixail Skobelev, qeyd edildiyi kimi, ifrat slav irqçisi idi. Rusları Avropadan üstün sayan Skobelev, bir müddət sonra Avropa ilə yaxşı münasibətlər quran hökuməti tənqid etməyə başladı. Bu səbəbdən zamanla nüfuzunu itirdi və arxa plana atıldı. Qısa müddətdə içki asılılığına düçar olan Skobelev 1882-ci ildə keçirdiyi ürək tutması nəticəsində 38 yaşında vəfat etdi.

Tarix bizə kimin dost, kimin düşmən olduğunu hər zaman göstərmişdir. Türk milləti olaraq bizim dostlarımız kimi düşmənlərimiz də ortaqdır. Düşmənimizi tanımalı, unutmamalı və unutdurmamalıyıq.

Skobelev kimi şəxslər gəlib keçmişdir, lakin onların təmsil etdiyi düşüncə fərqli adlar və üsullarla bu gün də mövcuddur. Türk milləti üçün əsas məsələ bu düşüncəni tanımaq və ona qarşı hər zaman hazırlıqlı olmaqdır. Çünki tarix yalnız onu düzgün oxuyanlar üçün yol göstəricidir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.