BAYRAQDAR MEDİA – Türkiyənin Ardahan Universitetin Xarici Əlaqələr Ofisinin koordinasiyası ilə həyata keçirilən beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycanın Bakı Slavyan Universitetinin Balkan Araşdırmaları və Tərcüməçilik ixtisaslarında təhsil alan tələbələr təcrübə proqramı üzrə Ardahan Universitetinə səfər edərək rektorla görüşüblər.
Bu barədə Ardahan Universitetinin məlumatında qeyd edilib.
Məlumata görə, görüş zamanı rektor tələbələrlə yaxından maraqlanaraq Türkiyə ilə Azərbaycan arasında tarixi köklərə söykənən qardaşlıq münasibətlərinin təhsil və akademik əməkdaşlıqlar vasitəsilə daha da möhkəmləndiyini vurğulayıb. O qeyd edib ki, “iki dövlət, bir millət” prinsipi universitetlərarası əlaqələrdə də öz əksini tapır. Bu cür mübadilə və təcrübə proqramlarının həm mədəni əlaqələri genişləndirdiyi, həm də tələbələrin peşəkar inkişafına ciddi töhfə verdiyi bildirilib.
Bakı Slavyan Universitetinin tələbələri isə universitetdə gördükləri qonaqpərvərlikdən və yaradılan keyfiyyətli təcrübə imkanlarından məmnun olduqlarını ifadə ediblər. Onlar Türkiyədə qazandıqları təcrübənin gələcək karyeraları üçün mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Proqramın həm akademik, həm də mədəni baxımdan səmərəli keçdiyini bildirən tələbələr göstərilən dəstəyə görə rektora təşəkkür ediblər. Görüş tələbələrin rektora Azərbaycan mədəniyyətinə xas hədiyyələr təqdim etməsi və xatirə fotosu ilə yekunlaşıb.






İlk şərhi yaza bilərsiniz