BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistan Respublikasının “Hunarmand” Assosiasiyasının birgə təşkilatçılığı ilə Daşkənddə “Naxışların dili – ortaq mirasın səsi” adlı tədbir keçiriləcək.
Xəbər BAYRAQDAR MEDİ-ya sözügedən Mərkəzin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “iki gün davam edəcək tədbir çərçivəsində Azərbaycan və Özbəkistanın zəngin dekorativ-tətbiqi sənət ənənələrini əks etdirən konfrans, ustad dərsləri və sərgi proqramı təşkil olunacaq. Tədbir çərçivəsində “Ornamentlərdə kodlaşmış mədəniyyət” adlı konfrans keçiriləcək. Konfransda ornamentlərin semantikası, onların mədəni yaddaşda rolu, milli ənənələrin qorunması və nəsildən-nəslə ötürülməsi məsələləri müzakirə olunacaq. Eyni zamanda proqram çərçivəsində “Ornamentin dili” adlı ustad dərsləri təşkil olunacaq. Ustad dərslərində Azərbaycan dekorativ-tətbiqi sənətinə aid şəbəkə sənəti, həndəsi ornamentlər, eləcə də miniatür və ebru sənəti üzrə təqdimatlar keçiriləcək. Bununla yanaşı, ağac üzərində oyma və keramika sənəti istiqamətləri üzrə praktiki məşğələlər təşkil olunacaq, həmçinin Özbək kaşı motivlərinin xüsusiyyətləri nümayiş etdiriləcək və iştirakçılara bu sahələrin incəlikləri əyani şəkildə izah olunacaq”.
Bildirilib ki, “tədbirdə Azərbaycan və Özbəkistanın tanınmış sənətkarları iştirak edərək konfrans, ustad dərsləri və sərgi proqramında öz yaradıcılıqlarını təqdim edəcəklər. Proqramın ikinci günündə sərginin açılışı baş tutacaq. Açılış mərasimində təşkilatçı qurumların nümayəndələri çıxış edəcək, qonaqlar hər iki ölkənin sənətkarlarının əl işlərindən ibarət ekspozisiya ilə tanış olacaqlar. Sərgidə Azərbaycan və Özbəkistanın dekorativ-tətbiqi sənət nümunələri, milli ornamentlər və ənənəvi sənət əsərləri nümayiş olunacaq ki, bu da ortaq mədəni irsin zənginliyini əyani şəkildə əks etdirəcək. Tədbirin bədii hissəsində Mərkəzin “Qarabağ zəfəri” rəqs ansamblı və “Xarıbülbül” teatr truppasının üzvləri tərəfindən musiqili və səhnə proqramı təqdim olunacaq”.
Qeyd edilib ki, “bu kimi layihələr iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə, türk dünyasının ortaq irsinin qorunması və təbliğinə xidmət edir”.






İlk şərhi yaza bilərsiniz