Press "Enter" to skip to content

Musiqili Teatrın kollektivi Nəsibə Zeynalovanı yad edib

Musiqili Teatrın kollektivi Nəsibə Zeynalovanı yad edib

BAYRAQDAR MEDİA – Aprelin 20-də Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, əvəzolunmaz gülüş ustası, Dövlət Mükafatı laureatı, Xalq artisti Nəsibə Zeynalovanın (1916-2004) anadan olmasının 110 illiyi tamam olub. Bu münasibətlə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi N.Zeynalovanın ailə üzvləri və yaxınları sənətkarın Fəxri Xiyabanda məzarını ziyarət edərək xatirəsini ehtiramla anıblar.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Teatrın direktoru Aqil Bəhramlı çıxış edərək N.Zeynalovanın səhnədə və ekranda bir-birindən maraqlı obrazlar qalereyası yaratdığını bildirib. O qeyd edib ki, unudulmaz aktrisa bənzərsiz sənəti ilə milli teatr salnaməsində əbədi yaşayacaq. Əməkdar artist Çingiz Əhmədov aktrisanın yüksək peşəkarlığı, səhnə mədəniyyəti ilə yanaşı, müsbət insani keyfiyyətlərindən söz açıb, xatirələrini bölüşüb. N.Zeynalova haqqında maraqlı xatirələr Musiqili Teatrda Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasının onun yubileyinə həsr olunmuş nümayişindən öncəki çıxışlarda da dilə gətirilib”.

Ardınca xəbərdə, “tanınmış teatrşünas, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, Prof. Məryəm Əlizadə böyük sənət fədaisinin həyat və yaradıcılığı barədə geniş məlumat verərək onun vaxtilə bu tamaşada Sənəm obrazını böyük məharətlə ifa etdiyini vurğulayıb. Xalq artistinin nəvəsi Nəsibə Novruzova sənətkarın xatirəsinə göstərilən ehtirama görə teatrın rəhbərliyinə və kollektivinə minnətdarlıq edib” deyə bildirilir.

Xatırladaq ki, tamaşanın budəfəki nümayişində Xalq artisti Pərviz Məmmədrzayev, əməkdar artistlər Şövqi Hüseynov, Əzizağa Əzizov, Nadir Xasiyev, aktyorlar Gülnarə Abdullayeva, Emin Zeynallı, Gültac Əlili, Elxan İsmayılov, Elçin İmanov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Təranə Əliyeva, Murad Əliyev, eləcə də teatrın xor və balet artistləri iştirak ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.