BAYRAQDAR MEDİA – Bakı Dövlət Universiteti (BDU) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “memorandumu BDU-nun rektoru Elçin Babayev və İƏT-in Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov imzalayıb. Mərasimdə çıxış edən E.Babayev bildirib ki, Universitetdə son illərdə əmək bazarına uyğun yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, məşğulluq, insan kapitalının inkişafı və peşə bacarıqlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. BDU ölkənin aparıcı ali təhsil müəssisəsi kimi tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi sahəsində ardıcıl fəaliyyət göstərir. Universitetdə bu istiqamətdə müxtəlif təlim proqramları, tədqiqat layihələri və beynəlxalq tərəfdaşlıqlar həyata keçirilir. Rektor imzalanan memorandumun tərəflər arasında əməkdaşlığın inkişafına, xüsusilə əmək bazarının tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsinə, birgə elmi-tədqiqat işlərinin, təlimlərin, konfransların və layihələrin həyata keçirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. O, xüsusilə mülki hüquq, əmək hüququ və sosial iş istiqamətlərində birgə əməkdaşlığın faydalı olacağını bildirib”.
Daha sonra xəbərdə, “A.Bayramov çıxışında rəhbərlik etdiyi qurumun əsas missiyasının üzv ölkələrdə məşğulluq siyasətinin təkmilləşdirilməsi, dayanıqlı əmək bazarının formalaşdırılması və insan kapitalının inkişafına dəstək vermək olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Mərkəz üzv dövlətlərlə sıx əməkdaşlıq çərçivəsində əmək bazarının təhlili, peşə hazırlığı və ixtisasartırma proqramlarının təşkili, gənclərin məşğulluğunun artırılması, eləcə də innovativ məşğulluq həllərinin təşviqi istiqamətində müxtəlif layihələr həyata keçirir. A.Bayramov Mərkəzin regional və beynəlxalq tərəfdaşlarla birgə təşəbbüslər vasitəsilə bilik və təcrübə mübadiləsinə xüsusi önəm verdiyini vurğulayaraq, BDU ilə əməkdaşlığın təhsil və əmək bazarı arasında körpü rolunu daha da gücləndirəcəyini, birgə tədqiqat, təlim və inkişaf proqramlarının həyata keçirilməsi üçün geniş imkanlar yaradacağını bildirib” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz