Press "Enter" to skip to content

Ağdamda “Səhnədə məhəbbət”

Ağdamda “Səhnədə məhəbbət”

BAYRAQDAR MEDİA – Ağdam Dövlət Dram Teatrında yeni səhnə işi üzərində hazırlıqlara başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Teatrın səhnəsində yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Əli Əmirlinin “Səhnədə məhəbbət” əsəri əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunacaq. Teatrın repertuar və dramaturgiya üzrə mütəxəssisi Habil İsmayılovun verdiyi məlumata görə, eksperimental musiqili-komediya janrında səhnələşdirilən tamaşa səhnə ilə real həyat arasındakı sərhədləri, sənət adamlarının daxili dünyasını və yaradıcılıq prosesində yaşanan ziddiyyətləri əks etdirir”.

Sonra xəbərdə, “əsərdə hadisələr teatr mühitində cərəyan edir. Tamaşanın hazırlanması prosesi fonunda aktyorların səhnədə canlandırdıqları rollarla şəxsi həyatlarında yaşadıqları hisslər arasında paralellər və toqquşmalar üzə çıxır. Bu isə səhnə əsərinə həm dramatik, həm də ironik çalarlar bəxş edir. Tamaşanın quruluşçu rejissoru Racu Şıxlıdır. Rejissorun səhnə yozumunda əsas xətt məhəbbət mövzusu üzərində qurulsa da, burada təqdim olunan sevgi klassik romantik çərçivədən kənara çıxaraq səhnə ilə həyatın kəsişməsində yeni məna qazanır. Quruluşda metateatr elementlərindən geniş istifadə olunub. Tamaşada sənət naminə qurban verilən hisslər, şəxsiyyətin parçalanması, şöhrət və ambisiya, daxili boşluq kimi mövzular ironik və bəzən də acı yumorla təqdim edilir” deyə qeyd olunur.

Xəbərdə eləcə də deyilir ki, “səhnə əsərinin quruluşçu rəssamı Qönçə Həzizadə, işıq rəssamı Anar Şükürov, bəstəkarı Azər Şükürov, səs rejissoru Elşən Cəfərov, rejissor assistenti isə Xaliq Abdullazadədir. Rolları Afəridə Sabirqızı, Anar Əhməd, Qalib Abdullazadə, Xəyalə Xudadatova, Fərhad FərhadzadəTeymur Kərimov ifa edirlər. Tamaşanın premyera tarixi barədə əlavə məlumat yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.