Press "Enter" to skip to content

Azərbaycanlı alimin növbəti uğuru

Ruhəngiz Əliyeva daha bir proqramı uğurla başa vuraraq müvafiq beynəlxalq sertifikatla təltif olunub

BAYRAQDAR MEDİA – Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik münasibətləri son illərdə yalnız siyasi və iqtisadi sahədə deyil, elm, təhsil və akademik əməkdaşlıq istiqamətində də sürətlə inkişaf edir. Xüsusilə ali təhsil müəssisələri arasında qurulan tərəfdaşlıqlar, birgə layihələr, beynəlxalq sertifikat proqramları və elmi platformalar iki qardaş ölkənin humanitar inteqrasiyasına mühüm töhfə verir. Bu çərçivədə həm azərbaycanlı tələbə və mütəxəssislərin Türkiyədə keçirilən proqramlarda iştirakı artır, həm də Türkiyə vətəndaşları Azərbaycanda reallaşdırılan müxtəlif layihələrdə fəal şəkildə təmsil olunurlar.

Məhz belə uğurlu təşəbbüslərdən biri də Rumeli Balkan Strateji Araşdırmalar Mərkəzi tərəfindən həyata keçirilən “Diplomatiya Bilimi ve Uygulamaları Sertifika Programı” olub. Layihə İstanbul Rumeli Üniversitesi və universitet nəzdində fəaliyyət göstərən RUPAM Küresel Politikalar Uygulama ve Araştırma Merkezi əməkdaşlığı ilə təşkil edilib. Proqram çərçivəsində beynəlxalq münasibətlər, diplomatiya nəzəriyyəsi, qlobal siyasət, regional təhlükəsizlik və beynəlxalq əməkdaşlıq mövzularında onlayn dərslər və müzakirələr keçirilib.

Sertifikat proqramında Türkiyə ilə yanaşı müxtəlif ölkələrdən iştirakçılar yer alıblar. Təlim prosesində fəallığı, dərslərdə davamlı iştirakı və mövzular üzrə nümayiş etdirdiyi yüksək hazırlıq səviyyəsi ilə seçilən şəxslər arasında Naxçıvan müəllimlər İnstitutunun dosenti, Pedaqogika üzrə fəlsəfə doktoru Ruhəngiz Əliyeva də olub. Xatırladaq ki, Ruhəngiz Əliyeva eyni zamanda “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin Naxçıvan Muxtar Respublikası üzrə təmsilçiliyinin rəhbəridir.

Layihə rəhbərliyi tərəfindən fəaliyyəti yüksək qiymətləndirilən Ruhəngiz Əliyeva proqramı uğurla başa vuraraq müvafiq beynəlxalq sertifikatla təltif olunub. Qeyd edək ki, bu cür beynəlxalq akademik layihələr Azərbaycan və Türkiyə arasında elmi-intellektual əməkdaşlığın genişlənməsinə, gənc mütəxəssislərin və tədqiqatçıların beynəlxalq təcrübə qazanmasına mühüm töhfə verir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.