BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar “İş yerlərində psixososial risklərin idarə olunması: müasir yanaşmalar və həll yolları” mövzusunda konfrans keçirib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən ardıcıl sosial islahatların əmək münasibətləri sahəsini də əhatə etdiyini vurğulayıb: “O, əmək müqavilələrinin sayında artım dinamikasını, əmək münasibətlərinin rəqəmsallaşdırıldığını qeyd edib. Nazir müavini “Əmək və Məşğulluq” altsisteminin digər üstünlükləri ilə yanaşı, əmək münasibətlərinə çevik və effektiv nəzarətin təmin edilməsində də xüsusi önəm kəsb etdiyini bildirib. Əməyin mühafizəsi sisteminin gücləndirilməsi sahəsində atılan addımları diqqətə çatdıran Zaur Əliyev son illərdə bu istiqamətdə profilaktik tədbirlərin genişləndirildiyini, beynəlxalq əməkdaşlığın inkişaf etdiyini vurğulayıb”.
Məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev bu konfransın mövzusunun Beynəlxalq Əmək Təşkilatının (BƏT) 2026-cı il üçün müəyyən etdiyi “Gəlin sağlam psixososial iş mühitini təmin edək!” devizinə bağlı olduğunu qeyd edib.
İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi Katibliyinin Baş direktoru Azər Bayramov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Qəzənfər Abdullayev, BƏT-in Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həmzəyev, Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Fatih Bilal Alodalı çıxışlarında iş yerlərində sağlam və təhlükəsiz mühitin təşviqinin, beynəlxalq təcrübənin tətbiqi və sosial tərəfdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.
Konfrans çərçivəsində əməyin mühafizəsi sahəsində görülmüş işləri əks etdirən videoçarx nümayiş olunub. Daha sonra “DOST Müfəttiş” layihəsində fəal iştirak edən, eləcə də müəssisələrində əməyin mühafizəsi işini nümunəvi şəkildə təşkil edən işəgötürənlər, ESG və sosial dayanıqlılıq prinsiplərinin effektiv tətbiqinə töhfə verən iştirakçılar təltif olunublar.
Konfrans DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin musiqi qrupunun ifası və “Psixososial risklərin iş mühitinə təsiri” mövzusunda panel müzakirəsi ilə davam edib.






İlk şərhi yaza bilərsiniz