BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən növbəti ictimai dinləmə Ağstafa rayonunda keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Ağstafa rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbir “Himayədar ailə” qayğı modeli barədə məlumatlandırma mövzusuna həsr olunub. Görüşdə dövlət və bələdiyyə orqanlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, təhsil işçiləri, eləcə də mövzu ilə bağlı müraciət edən vətəndaşlar iştirak ediblər. Ümumilikdə 200-dən çox şəxsin iştirak etdiyi tədbir zamanı SXA-nın fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər, bu sahədə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib”.
Ardınca xəbərdə, “bildirilib ki, valideyn himayəsindən məhrum olmuş uşaqların ailə qayğısı ilə əhatə olunması, reinteqrasiyası, həmçinin övladlığa və himayədar ailələrə verilməsi istiqamətində Agentlik tərəfindən mütəmadi və məqsədyönlü işlər aparılır. Agentliyin əməkdaşları “Himayədar ailə” qayğı modeli, bu modelin üstünlükləri, müraciət formaları və digər vacib məqamlar barədə iştirakçıları məlumatlandırıblar. Eləcə də “Himayədar ailə” institutunun hüquqi əsasları və himayədar valideyn olmaq istəyən şəxslərin qiymətləndirmə prosesi barədə təqdimatlar edilib” deyə diqqətə çatdırılır.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.





İlk şərhi yaza bilərsiniz