Press "Enter" to skip to content

Azərbaycanın istiqlal səmasında “Türk Yıldızları”

Senan KAZIMOĞLU

BAYRAQDAR MEDİA – Mayın 6-da Konya şəhərində dostlarla görüşməyə qərar verdik. Görüşümüzün səbəbi Konya Bələdiyyəsinin təşkil etdiyi bir tədbir idi. Xalq üçün açıq şəkildə keçirilən bu tədbirdə Türk Silahlı Qüvvələrinin məşhur “Türk Yıldızları” qırıcı aviasiya qrupunun nümayiş uçuşu təşkil olunmuşdu. Mərkəzi Konya olduğu üçün daha əvvəl də “Türk Yıldızları”nın çıxışını izləmə fürsətim olmuşdu. Həqiqətən də qürurverici bir mənzərədir: əsl mənada ordu milləti olan türklərin quruda və dənizdə olduğu kimi havada da böyük döyüş qabiliyyəti. İnsan izlədikcə sinəsi fərəhlə dolur. Allahın dünyada çox az millətə nəsib etdiyi bir bacarıqdır bu.

Lakin bütün bunlardan başqa, “Türk Yıldızları” mənə daha fərqli şeyləri xatırladır.

“Türk Yıldızları” deyiləndə mənim gözümün önündə Azərbaycanın suverenliyi, istiqlaliyyəti və müstəqilliyi canlanır. Bəli, bəziləri bilməyə bilər, lakin “Türk Yıldızları” Azərbaycanın müstəqilliyini və suverenliyini qoruyan əsas amillərdən biri olmuşdur. Əgər “Türk Yıldızları” olmasaydı, bəlkə də bu gün Azərbaycan Livan və ya Yəmən kimi İranın təsiri altında olan bir dövlətə çevrilmişdi. Gəlin hadisəni əvvəldən danışım.

Məsələ müstəqilliyimizin ilk illərinə gedib çıxır. Xəzər dənizinin hüquqi bölgüsü məsələsində Sovet rejimi dövründə Xəzərin böyük hissəsi SSRİ-yə aid hesab edilir, İrana isə öz sərhədlərinə uyğun müəyyən bölgə verilirdi. İran da SSRİ dağılana qədər buna etiraz etməmişdi. Sovetlərin gücündən çəkinərək susan İran, bölgədəki türk dövlətləri müstəqillik elan etdikdən sonra özündən qat-qat zəif olan yeni dövlətlərə qarşı birdən-birə sərt mövqe tutmağa başladı. Təbii sərvətlərdən pay almaq məqsədilə Xəzərin hüquqi statusu məsələsini gündəmə gətirərək Sovet dövründə qəbul edilən qərarları tanımadığını bəyan etdi. Öz maraqlarına uyğun gəlməyəndə Sovet qərarlarını “zülm” adlandıran və zorla qəbul etdirildiyini deyən İran, Zəngəzur dəhlizi məsələsində Sovet qərarlarını müdafiə etdiyini açıq şəkildə bildirir.

İran Xəzərin yenidən bölüşdürülməsini tələb edir və bu həyata keçirilmədən bölgədəki neft yataqlarının işlədilməsinə icazə verməyəcəyini deyərək Azərbaycanı təhdid etməyə başlayırdı. 2001-ci ildə isə bu təhdidlərin səviyyəsi daha da artdı və artıq Azərbaycanın suveren hüquqları açıq şəkildə pozulmağa başladı. İran sərhədlərimiz yaxınlığında təxribat xarakterli uçuşlar həyata keçirir, hətta Salyan şəhərinə qədər gəlib hava məkanımızı pozurdu. Təkcə havada deyil, İran hərbi gəmiləri də tez-tez Xəzərin Azərbaycan tərəfinə qanunsuz şəkildə keçərək təzyiq göstərirdilər.

O dövrdə Azərbaycan zəif idi. Azərbaycan Müdafiə Nazirliyi tez-tez açıqlamalar verərək İranı dost dövlət kimi gördüyünü bildirirdi. Lakin İran bizim zəif vəziyyətimizdən istifadə edib Azərbaycana təzyiq göstərmək istəyirdi. Burada bir məqamı da qeyd etmək istəyirəm. Bəzən mənə deyirlər ki, İrana qarşı niyə bu qədər məsafəlisən? Yazdıqlarımın və yaza bilmədiyim daha neçə-neçə hadisənin üzərinə, üstəlik oradakı soydaşlarımızı assimilyasiya etmək istəyən bir dövlətə qarşı başqa necə münasibət göstərmək olar?

Mövzumuza davam edək. İranın bu təhdidlərinə qarşı Azərbaycan Türkiyədən yardım istədi. 2001-ci il Türkiyəsinin özü də siyasi və iqtisadi böhranlarla çətin vəziyyətdə idi. Buna baxmayaraq Türkiyə Azərbaycanı yenə tək buraxmadı. Bir həftə ərzində quru, dəniz və hava qüvvələri komandanları Azərbaycana səfər edərək açıq şəkildə bildirdilər ki, İranın Azərbaycana hücum edəcəyi təqdirdə qarşısında Türk Ordusunu görəcək. Türkiyə İrana nota verərək onun Azərbaycana qarşı hər hansı addım atmasına icazə verməyəcəyini bəyan etdi.

Bundan sonra birbaşa Türkiyə Baş Qərargahının göstərişi ilə “Türk Yıldızları” Bakıda böyük nümayiş uçuşu keçirdi. Təxminən bir milyon insanın izlədiyi bu çıxışdan sonra İran geri çəkilməyə məcbur oldu və bir daha eyni addımları atmağa cəsarət etmədi.

Mən o zaman uşaq idim. Baş verənləri və səbəblərini əlbəttə tam anlamırdım. Amma çox yaxşı xatırlayıram: “Türk Yıldızları” gəlib Bakı səmasında süzüldükdə insanlar çox sevinirdi. Çünki “Türk Yıldızları”nın o səsi Azərbaycanın istiqlalının, suverenliyinin və müstəqilliyinin səsi idi.

Məhz buna görə “Türk Yıldızları” deyiləndə mənim ağlımda canlanan ilk şey Azərbaycanın müstəqilliyidir.

Bəzən müxtəlif qruplar tərəfindən Türkiyə ilə Azərbaycan arasına nifaq salmağa çalışıldığını görürük. Ancaq tarix göstərir ki, təhlükə anında bu iki dövlət tək dövlət və tək millət olur. Çünki bu qardaşlıq masa arxasında qurulmuş süni birlik deyil, yüzillərin formalaşdırdığı doğma qardaşlıq və milli birlikdir.

…“Türk Yıldızları”nın Bakı səmasındakı uçuşu Azərbaycana “tək deyilsiniz” mesajı idi. Bəzən bir təyyarənin səsi, minlərlə bəyanatdan daha güclü olur.

Biz tariximizi unutmamalıyıq. Kimlərin çətin gündə yanımızda olduğunu, kimlərin isə zəif anımızdan istifadə etmək istədiyini yaxşı bilməliyik. Çünki millətlərin yaddaşı zəifləyəndə, təhlükələr də çoxalmaya başlayır.

Azərbaycanın və Türkiyənin gücü birliyindədir. Bu birlik var olduqca nə bölgədə qurulan oyunlar nəticə verər, nə də türk millətinin iradəsini sındırmaq mümkün olar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.